“Rusiya hələ də Azərbaycan üçün təhlükəlidir”
Erkin Qədirli: “Müstəqilliyimizin və təhlükəsizliyimizin hazırki şərtlər altında başqa uzunvədəli təminatı yoxdur”
12 Dekabr 2014 13:44 Siyasət"Hansı məntiqlə bizə Rusiyanı müsbət geosiyasi seçim kimi göstərməyə çalışırlar? Niyyətim nə Rusiyanı pisləməkdir, nə də Amerikanı (Qərbi) tərifləməkdir". "Olaylar"-ın məlumatına görə, "Real" Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli belə bir fikirlə çıxış edib. "Amma erməniləri Qarabağa köçürən Rusiyadır. Torpaqlarımızda Ermənistan dövlətini yaradan Rusiyadır. Cümhuriyyətimizi əlimizdən alan (işğal edən) Rusiyadır. Cümhuriyyət qurucularının nəslini qıran Rusiyadır. Ermənilərə Zəngəzuru verən Rusiyadır. Bizimkiləri Zəngəzurdan və İrəvandan köçürən Rusiyadır. Bizim etnik adımızı, dilimizin adını və əlifbasını zorla dəyişən Rusiyadır. 20 Yanvarı törədən Rusiyadır. Qarabağ müharibəsində Ermənistanı dəstəkləyən Rusiyadır. Xocalı soyqırımını törədən 366-cı alay Rusiyanındır. Qarabağın bu gün də işğal altında saxlanmasının arxasında Rusiyadır. Ermənistanla rəsmən hərbi müttəfiq olan Rusiyadır. Ermənistanda hərbi baza saxlayan və Ermənistan sərhədlərini qoruyan Rusiyadır" - deyə E.Qədirli qeyd edib. Lakin E.Qədirli Qərbin də mənfi cəhətlərinin və təsirlərinin olduğunu istisna etmir. O, hesab edir ki, Rusiyadan fərqli olaraq, Qərbin mənfi cəhət və təsirləri bizim müstəqilliyimizə və milli kimliyimizə heç zaman təhlükə törətməyib və törətməyəcək: "Coğrafi olaraq mümkün deyil. Geosiyasi seçimimiz Qərbə doğru olmalıdır. Müstəqilliyimizin və təhlükəsizliyimizin hazırki şərtlər altında başqa uzunvədəli təminatı yoxdur. Məsələ heç bizim seçimimizdə də deyil. Rusiya seçimini edib, özü də çoxdan. Rusiya erməniləri seçib. Hələ də aydın deyil bəzilərinə? Bu seçimi etməklə, Rusiya bizə başqa fürsət buraxmayıb. Yoxsa ki, bizim Rusiyaya qarşı olmağımızın nə mənası olardı? Problem ondadır ki, Rusiya bizə qarşıdır. Tarix bunu aydın göstərir".