Müsəlman jurnalistləri birləşmədiyi üçün müsəlmanlar dünyaya terrorçu kimi təqdim olunur
Əli Həsənov: “Türkiyə-Ermənistan sərhədlərinin açılması kampaniyası başlayarkən Azərbaycan və Türkiyə mediası güclü iradə ortaya qoydu, hətta dövlət rəsmilərinə nümunə göstərdilər”
11 Dekabr 2014 16:22 SiyasətDekabrın 11-də Beynəlxalq Mətbuat Mərkəzində "Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid" mövzusunda konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin əhəmiyyəti barədə danışıb. Azərbaycanla Türkiyə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən Əflatun Amaşov bu münasibətin iki ölkənin media əməkdaşlığında da mövcud olduğunu deyib. Şura sədri bildirib ki, Azərbaycanla Türkiyə mediası arasında əməkdaşlıq daha da genişlənir. Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Hamit Karadəniz isə bildirdi ki, Azərbaycan-Türkiyə mətbuat əlaqələrini daha da zənginləşdirmək, media mənsubları arasında dialoqu daha da gücləndirmək, təcrübə mübadiləsini dərinləşdirmək lazımdır. Onun sözlərinə görə, xəbərçilikdə insan faktoru çox önəmlidir: "Xəbərin qaynağına, mənbəyinə, kimdən və necə alındığına diqqət edilməlidir. Hər kəs özəl olsun deyə hər şeyi yazmamlıdır. Bu prosesin bəzi süzgəclərdən keçməsi zəruridir. İnsanlara doğru məlumatlar vermək lazımdır". Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) Bakı üzrə proqram koordinatoru Mustafa Haşim Polat tədbirdə çıxışı zamanı deyib ki, bugünkü konfrans Türkiyə-Azərbaycan media əməkdaşlığı çərçivəsində həyata keçirilən üçüncü layihədir. O qeyd edib ki, ilk layihə çərçivəsində Azərbaycanın gənc jurnalistlərinin - 20 qəzetin əməkdaşlarının Türkiyəyə səfəri təşkil olunub: "İkinci layihə zamanı 30 TV əməkdaşı TRT-də ixtisasartırma kursu keçib. Üçüncü layihə isə elektron media ilə bağlıdır. Hər iki ölkə mediası üçün elektron media məsələsi əhəmiyyətlidir. 2015-i ildə də bu işlər davam edəcək və gələcəkdə bunlar öz müsbət nəticələrini verəcək".
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə deyib ki, Azərbaycan və Türkiyə münasibətlərinin təməli iki lider - Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən qoyulub. Ə. Həsənov bildirib ki, bu iki dövlət bir yerdədir: "Ölkə başçılarımız - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev bütün məsələlərdə iki ölkənin maraqlarından çıxış edərək vahid hədəflər uğrunda addımlar atırlar, xarici ölkələrdəki diaspor təşkilatlarımız eyni məqsədə xidmət edirlər, diplomatik korpuslarımız, səfirliklərimiz mütəmadi olaraq qarşılıqlı əlaqələr çərçivəsində fəaliyyət göstərirlər, bir-birləri ilə daim məsləhətləşmələr aparır, eyni hədəflərə doğru hərəkət edirlər. Belə olan halda niyə media orqanları birgə fəaliyyət göstərməsinlər? Bu yaxınlarda Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində keçirilmiş tədbirdə forpost hesab edilən ölkənin başçısı, Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin əleyhinə danışarkən Azərbaycan prezidenti "Türkiyə burda yoxdur, mən varam və sizin cavabınızı da mən verəcəyəm" demişdi. Bu ifadənin özü bu gün də dövlət başçılarımız səviyyəsində, iki ölkə arasında münasibətlərin göstəricisidir". Ə. Həsənov qeyd edib ki, Azərbaycan ən böyük sərmayələri Türkiyəyə yatırır: "Hər iki ölkənin jurnalistləri də ölkələrimizin vahid strategiyasına uyğun, ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin əsasını qoyduqları təməl prinsiplərdən çıxış edərək maraqlarımızı bölüşməli, vahid hədəflərə doğru birgə, əlaqələndirilmiş formada çıxış etməlidirlər. Hazırkı dövrdə media transformasiya olunur, ənənəvi KİV-lər yerlərini müasir informasiya vasitələrinə verirlər. İnsanlar arasında virtual ünsiyyət vasitələri sürətlə inkişaf edir, mövcud media strukturları da öz fəaliyyətlərini yeni reallığa uyğunlaşdırırlar. Ancaq jurnalistlər unutmamalıdırlar ki, istənilən halda hər iki xalqın maraqlarını nəzərə almalıdırlar".
PA rəsmisi qeyd edib ki, 1993-cü ildən sonrakı dövrdə söz və məlumat azadlığının inkişaf etdirilməsi istiqamətində atılan məqsədyönlü addımlar nəticəsində Azərbaycan KİV-ləri bölgənin aparıcı media strukturlarına çeviriblər. Onun fikrincə, hazırda bütün müsəlman dünyasında medianın imkanlarının genişləndirilməsinə, KİV-in öncül mövqelərə çıxmasına və vahid maraqlar kontekstindən çıxış etməsinə ciddi ehtiyac duyulur: "Bir neçə gün əvvəl İranda İslam Əməkdaşlıq Təşkilatının informasiya nazirlərinin toplantısında islam ölkələrinin jurnalist birliyinin yaradılması barədə təşəbbüsümüzü yüksək dəyərləndirdilər, hətta təsis tədbirinin Bakıda keçirilməsini istədilər. Təəssüf ki, biz dünyada, o cümlədən müsəlman dünyasında baş verən hadisələri daha çox CNN-dən, BBC-dən alırıq. Amma yayılan informasiyaların araşdırılması baş vermiş hadisələrlə təqdim olunan xəbərlər arasında ciddi uyğunsuzluğun olduğunu, obyektiv reallığın əsas cizgilərinin əksini tapmadığını göstərir. Suriyada, Qəzzada, Qarabağda və s. yerlərdə baş verən hadisələr yalnız həmin transmilli media orqanlarının təqdim etdiyi kimidirmi? Əlbəttə, yox. Müsəlman ölkələrinin jurnalistlərinin birgə fəaliyyət göstərə bilməməsinin nəticəsidir ki, müsəlmanlar beynəlxalq ictimaiyyətə terrorçu kimi təqdim olunur. İslam sivilizasiyası dünyaya nələr verib, nələr gətirib, biz bunları bilirik. Amma təəssüflər olsun ki, islam sivilizasiyasının gətirdiyi o yaxşı dəyərləri öz adlarına çıxır, müsəlmanları isə terrorçu, bir-biri ilə yola gedə bilməyən kimi təqdim edirlər".
Əli Həsənov deyib ki, bir neçə il əvvəl Türkiyə-Ermənistan sərhədlərinin açılması kampaniyası başlayarkən Azərbaycan və Türkiyə mediası güclü iradə ortaya qoydu, hətta dövlət rəsmilərinə nümunə göstərdilər: "Türkiyə Azərbaycan torpaqlarını işğal edən ölkə ilə sərhədləri açmayacağını, torpaqlar işğaldan azad edilənə qədər əlaqə qurmayacağını bəyan edib. 1993-cü ildə sərhədlərin bağlanması Türkiyə xalqının və dövlətinin iradəsidir. Buna qarşı çıxanlar bilməlidirlər ki, qarşılarında həm də jurnalistləri görəcəklər. Hazırda ermənilər 1915-ci il qondarma "erməni soyqırımı" iddiası ilə bağlı kampaniya aparırlar. Bəzən elə gəlir ki, bu iş Türkiyədən daha çox Azərbaycana qarşı çevrilib. Çünki bu sahədə Azərbaycan mediasının və QHT-lərinin fəaliyyəti Türkiyə mediası və QHT-lərinin fəaliyyətindən daha güclü təəssürat bağışlayır".
Türkiyə və Azərbaycan mediasının bundan sonra da səylərini birləşdirəcəklərini dilə gətirən Ə. Həsənov hazırda azərbaycanlı jurnalistlərin Türkiyə telekanallarında, mediasında, Türkiyə mediası təmsilçilərinin isə Azərbaycanda təcrübə keçdiklərini vurğulayıb: "Türkiyə dünyanın 20 ən güclü iqtisadiyyatından biridir. Azərbaycan da bu gün Türkiyənin gücünə güc qatacaq səviyyəyə gəlib çıxıb. Azərbaycan Türkiyəyə 20 milyard dollara yaxın vəsait yatıracaq. Bütün bunların fonunda yaxın gələcəkdə Türkiyə və Azərbaycan vahid mövqedən çıxış etmək imkanlarını daha da genişləndirəcəklər. Onu da bəri başdan deyim ki, bu vahid mövqe heç kimin maraqlarını təhdid etmir və etməyəcək. Bu gün biz Azərbaycan ərazilərinin bütövlüyü uğrunda mübarizə aparırıq. Biz dünya birliyinin üzvü kimi artıq heç nə istəmirik. Azərbaycan və Türkiyə dünyaya verdiklərindən artıq heç nə istəmir".
"APA Holding"in rəhbəri Vüsalə Mahirqızı isə çıxışında bildirdi ki, bəzi hallarda Türkiyə mediasının Azərbaycana münasibətində laqeydlik müşahidə olunur. Onun sözlərinə görə, Türkiyənin TRT kanalı və rəsmi Anadolu Agentliyi Azərbaycanla bağlı məsələlərdə çox həssas yanaşma nümayiş etdirirlər: "Lakin çox təəssüf ki, Türkiyənin özəl media quruluşlarında Azərbaycan, xüsusilə Dağlıq Qarabağ məsələsi ilə bağlı yanlışlıqlar və laqeydlik müşahidə olunur. Türkiyə üçün önəmli olan məsələlər Azərbaycan mediasında həmişə diqqət mərkəzində olub. Bu, Azərbaycanın təkcə rəsmi mediasına deyil, özəl media quruluşlarına da aiddir. Mən arzu edirəm ki, Türkiyənin bütün media quruluşlarında da biz eyni həssaslığa rast gələk".
Tədbirdə konfrans iştirakçıları adından Türkiyə və Azərbaycan jurnalistlərinə müraciət ünvanlandı. Müraciətdə bildirilir ki, Türkiyə və Azərbaycan jurnalistləri arasındakı münasibətlərin sistemli əsası 2007-2009-cu illərdə Bakıda keçirilmiş "Türkiyə və Azərbaycan mediası: bənzərliklər və fərqliliklər" mövzusundakı konfranslarda qoyulub: "Qarşılıqlı əməkdaşlığın məntiqi nəticəsi olaraq bütövlükdə türk dünyasının media quruluşları baxımından önəmli missiyanın gerçəkləşdirilməsi baş verdi - mərkəzi Ankara olmaqla Türkdilli Ölkələrin və Toplumların Media Birliyi formalaşdı. Birlik Türkdilli Ölkələrin və Toplumların indiyədək keçirilmiş dörd forumunda struktur olaraq təkmilləşdi. Hazırda o, türk dünyasının jurnalistika ilə bağlı aparıcı özəklərini birləşdirən işlək mexanizm kimi fəaliyyət göstərməkdədir. Hesab edirik ki, media birliyinin yaradılması və dünyanın dörd yanına səpələnmiş türk xalqlarını və toplumlarını eyni mərkəzdə birləşdirən forum Türkiyə və Azərbaycan mediası arasındakı əməkdaşlığın məhsuldarlığından xəbər verən ən böyük uğurdur. Uğuru şərtləndirən digər amillər içərisində Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə kütləvi informasiya vasitələri əməkdaşlarının mütəmadi səfərlərinin təşkilini, həmçinin Türkiyənin qabaqcıl media təcrübəsindən istifadə sahəsində görülən işləri də xüsusi vurğulamaq lazımdır. Əziz dostlar, qloballaşan dünyada ənənəvi medianın öz yerini onlayn mediaya verməsi qaçılmaz reallığa çevrilib. Dəyişikliklər özünü təkcə texnoloji proses kimi deyil, ümumən ictimai-siyasi münasibətlər sisteminə təsir göstərəcək önəmli faktor olaraq göstərməkdədir. Mövcud şəraitdə ortaq mənafelərimizə qarşı yönələn təhdidlərdən qorunmaq, proqnozlaşdırılan təhlükələrə qarşı müqaviməti gücləndirmək, həmçinin hər iki ölkə ilə bağlı reallıqları dünya ictimaiyyətinə daha çevik və obyektiv şəkildə çatdırımaq həyati əhəmiyyətli məsələlərdir. Bu xüsusda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinin təbliğinə, qondarma "erməni soyqırımı" ilə əlaqədar adekvat tədbirlərin görülməsinə ciddi ehtiyac duyulmaqdadır. 2014-cü il dekabr ayının 11-də keçirilmiş "Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid" mövzusundakı konfransın iştirakçıları hər iki vəzifənin icrasını önəmli hesab edir".
Müraciətdə qeyd olunur ki, saxta "erməni soyqırımı"nın 100 illiyinin yaxınlaşdığı nəzərə alınsa, erməni lobbi və diaspor təşkilatlarına yaxın media orqanlarının aktivləşəcəyi şübhəsizdir: "Gözlənilən aktivliyin heçə endirilməsi, beynəlxalq aləmə tarixi həqiqətlərlə bağlı konkret mesajların verilməsi müstəsna əhəmiyyət daşımaqdadır. İndiyədək formalaşmış təcrübə və informasiya mübadiləsi prosesini bir qədər də dərinləşdirmək, ortaq prinsiplərin təbliğinə daha çox yer ayırmaq, hər iki ölkə jurnalistlərinin qarşılıqlı əlaqələrini daha da intensivləşdirmək lazımdır. "Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid" mövzusundakı konfransın iştirakçıları olaraq bizlər Türkiyə və Azərbaycan jurnalistlərini qardaşlıq prinsiplərindən irəli gələn taleyüklü məsələlərin işıqlandırılmasına münasibətdə həssaslığı artırmağa çağırırıq. İnanırıq ki, onların xalqlarımızın mənafe yaxınlığından, dostluq və qardaşlıq dəyərlərindən irəli gələn məsələlərə münasibətdə ortaya qoyacaqları vahid mövqe bütövlükdə türk dünyasının tərəqqisi baxımından əhəmiyyətli rol oynayacaq".