Müsavat:partiya da kiçilib, müavinlər də

Məşədi Cəfər

İsa Qəmbərin Müsavatı ilə Arif Hacılının Müsavatı arasında yerlə-göy qədər fərq olduğu hər kəsə məlumdur. O boyda partiya Hacılının boyuna uyğunlaşıb elə bil. Balacalaşıb. Partiyanın funksionerləri də sanki seçilib qoyulub ki, Müsavatın postİsa Qəmbər dönəminə uyğun olsun. Arif Hacılının təyin etdiyi müavinlərdən 3-ü həbsdədir. Cənab Hacılı bu adamları sırf vitrində görünsünlər deyə təyin edib. Qalanlar da Müsavatın əski kabineti ilə müqayisədə çox kiçik adamlardır. Ozan Arifin sözü ilə desək "qos-qoca koltuklarda kiçik-kiçik adamlar".  Arif Hacılının müavinlərindən biri Elman Fəttahdır. Şəki müsavatçısı olub, indi paytaxtda yaşayır. İnsaf naminə media nümayəndələri, facebook izləyiciləri Fəttahı tanıyırlar. Amma necə? Mitinqlərdə bayraq, poster daşıyan, məhbus ailələrinin evinə bazarlıq edən (təbii ki, partiyann puluna), məhbuslara sovqat aparan bir könüllü kimi.  Fəttahın başqa bir huyu da var:məşhur yazarlarla şəkillər çəkdirib sosial şəbəkələrdə paylaşır. Kəsəsi, bu Fəttahın başqan müavini olmaq üçün heç bir üstünlüyü, özəlliyi yoxdur. İntellektcə kasaddır, siyasi təcrübəsi yoxdur. AXCP-nin Natiq Ədilovu belə onu siyasi debatda qatlayıb cibinə qoyar. Fuad Qəhrəmanlı isə elə efirdəcə qətl edər. Fəttah bunları yaxşı bilir və təbiətcə hiyləgər olduğundan efirə-zada, debata filana çıxmaz. Onunku maşın sürməkdir. Hacılıdan tapşırıq və pul alsın, bazarlıq eləsin və məhbus ailələrinə, türmələrə getsin. Fəttahın başqan müavini olması Müsavatın bu günkü durumunu ifadə edir əslində. Türklər demiş nerdən nereyə? Sülhəddin Əkbər, Niyazi Mehdi, Nəsib Nəsibli, İbrahim İbrahimli, Vurğun Əyyub kimi funksionerləri olmuş partiya görün kimlərin ümidinə qaldı.  Hələ Müsavatın mətbuat katibi Mehman Cavadoğlunu demirəm. Başqa partiyalarda bu postu gənc bir jurnalist tutardı. Müsavat başqanı Arif Hacılının siyasətə gətirdiyi təzə simalardan biri də Osman Kazımovdur. Osman bəy öncə vəkil işləyib, biz yazarlar onu elə vəkil kimi də tanıyırıq. Düzdür, 25 ildir siyasi proseslərin içindədi, ancaq siyasi təcrübəsi çox azdır. Müsavat üzvü olmaq, İsa Qəmbərin yanında olmaq hələ siyasətçi olmaq deyil. Ona qalsa Matros Faiq bir gün də olsun Əli Kərimlini tərk etməyib, gərək o da partiya funksioneri olaydı. Məkkə şəhərində yaşayan hacı olmadığı kimi, İsa Qəmbərin yanında olan Osman bəy də siyasətçi ola bilmədi. Bunu qərəzkarlıqla demirəm, görünən budur. Mənim Osman bəylə nə qərəzim? Adam bir neçə açıqlama verib, hamısında "quş" buraxıb. Dost qazanmaqdan, düşmən qazanıb. Arif Hacılı onu  müavin ona görə təyin edib ki, Qubad İbadoğlu ilə bir rayondandır, Müsavatın o rayondakı elektoratı dağılmasın. Bu neynir? İki açıqlama verib düşmən nədir dostu da Müsavatın üstünə qaldırıb. AXCP ilə "Yeni Müsavat" savaşır, mərmilər havada uçuşur, söyüşün bir bir qəpik, bu deyir ki, Müsavat AXCP ilə müttəfiq olmalıdır. Biz bu savaşa qarışmırıq. Bu açıqlamadan sonra Rauf Arifoğlu necə hədə gəldisə, Osman qaldı bir tərəfdə Arif Hacılı Rauf Arifoğlu ilə "bağışla, bir səhvdi edib, təzədi, ağzının danışığını bilmir, bir də eləməz" formatında görüş keçirdi. Qərara alındı ki, partiya ilə qəzet dostluğu davam etdirsin. Başqan müavinin xətasını bu dəfə düzəltdi. Bəs gələn dəfə necə olacaq? Köməyə kim çatacaq? Belə getsə Hacılının işi-gücü xəta düzəltmək olacaq. Əslində adamın başqa yolu da yoxdu e, müavin olmağa kadr da tapa bilmir. Ələ keçəndə Fəttahdı, Osmandı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00