“Kreml bu addımı atsa, İrəvan işğal altındakı əraziləri boşaldacaq”
Elxan Şahinoğlu: “Münaqişənin ədalətli həlli Rusiyaya beynəlxalq aləmdə lazımi dvident gətirəcək, Cənubi Qafqazdakı mövqelərini gücləndirəcək”
9 Dekabr 2014 16:19 Siyasət"Putinlə Ərdoğanın qapalı görüşü 3 saat çəkib və mümkündür ki, Dağlıq Qarabağla bağlı da qısa fikir mübadiləsi olub". Dekabrın 9-da mətbuat konfransı keçirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə bir iddia ilə çıxış edib. "Görünür ki, Putinin Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün yeni ideyası olmadığına görə, liderlər bu mövzu üzərində xüsusi dayanmağa ehtiyac duymayıblar" - deyə E.Şahinoğlu bildirib. Politoloq hesab edir ki, Qərbin təzyiqləri altında olan Rusiyanın Azərbaycan və Türkiyə kimi ölkələrlə strateji tərəfdaşlığa əvvəlki dövrlərdən daha çox ehtiyacı var. E.Şahinoğlu qeyd edib ki, Ankara və Bakının Kremldən əsas geosiyasi istəyi isə Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmasıdır: "Kreml belə bir addım atarsa, Rusiyadan tamam asılı olan İrəvan fərqli siyasət həyata keçirə bilməyəcək və işğal altında torpaqları boşaltmağa başlayacaq. Ukrayna hadisələrilə əlaqədar Qərbin sanksiyaları fonunda Kremlin fəal iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Rusiyaya beynəlxalq aləmdə lazımi dvident gətirəcək, Cənubi Qafqazdakı mövqelərini gücləndirəcək". ("OLAYLAR" İA)