Müsavat fövqəladə qurultaya gedir?

Partiyanı qorumaq üçün başqa yol qalmayıb, Arzu Səmədbəyli başqan ola bilər

Müsavat pariyasında gərginlik davam edir. Narazıları Qubad İbadoğlunun rəhbərliyi ilə "Demokatiya və Rifah Hərəkatı" yaratmasından sonra da vəziyyət düzəlməyib. Problem ondadır ki, Arif Hacılı başqan kimi fəalliyyət göstərə bilmir. Onun başqanlığını Elman Fəttah kimi heç kimin tanımadığı əyalət müsavatçıları tanıyır. Bir də qardaşları. Aşkar görünür ki, Arif Hacılı bu resurslarla başqan ola bilməyəcək. Onun yeganə güvəndiyi sabiq başqan İsa Qəmbərdir. Lakin İsa Qəmbərin də artıq sözü keçmir. Narazılar onu Arif Hacılının tərəfini tutmaqda suçlandırırlar. Avropada yaşayan sabiq "Yeni Müsavat"çı Elbəyi Həsənli də Müsavatdakı durumun qəliz olduğunu bildirib. Jurnalist facebookda yazıb ki, İsa Qəmbər getməsi ilə Müsavatda illər ərzində yaranmış dəngələr pozulub və İsa Qəmbər geri dönsə belə, partiyada dağılma prosesinin qarşısını ala bilməz. Arif Hacılının qardaşı Vaqif Hacıbəyli Elbəyi Həsənliyə cavabında yazıb ki, bu yanlış dəyərləndirmədi. Vurğun Əyyub parçalanmaya 2000-ci ildə də cəhd edibmiş: "Hələ 2000- ci ildə, partiya daxilində ilkin seçkilər keçiriləndə pozulmuşdu. Başqanın birinci müavini çox böyük fərqlə digər müavinə uduzmuşdu və növbəti qurultayda ilkin seçkilərin favoritlərindən biri olan müavinə qarşı 67 nəfərlik gizli koalisiya formalaşdırıb revanş götürmək istəmişdi. Lakin qurultaya bir gün qalmış onun gizli siyahısı üzə çıxdı və bu plan baş tutmadı. Həmin 67 nəfərlik koalisiyadan indi Musavatda 5-10 nəfər qalıb". Ancaq məsələ Vaqif Hacıbəylinin iddia etdiyi kimi 5-10 nəfərin problem deyil. İnsanlar narazıdırlar, Arif Hacılını qəbul etmirlər, yeni başqan isə partiyanı idarə edə bilmir. Bu halda alternativ yollara baş vurulmalı, ortaq məxrəc tapılmalıdır. Müsavatdakı mənbə getdikcə ciddiləşən durumun İsa Qəmbəri narahat etdiyini bildirir. Onun Arif Hacılı ilə söz savaşına çıxdığı da iddia olunur. Məlumata görə, partiya üzlərinin əksəriyyətinin, xüsusən də elitar kəsimin Müsavatı tərk edəcəyini, narazıların AXCP sədri Əli Kərimli ilə birləşmək niyyətini görən İsa Qəmbər Müsavatda yeni qurultayın keçirilməsinə nail olmaq istəyir. Məlumata görə,  Arif Hacılı və tərəfdarları İsa Qəmbərin qərarından narazı qalıb. Hacılının "Vurğun Əyyub və Qubad İbadoğluna qucaq açsan, biz partiyadan gedəcəyik" iddiasına İsa "Unutma ki, səni mən başqan etmişəm" sözləri ilə cavab verib. Məlumatda qeyd olunur ki, İsa Qəmbərin yanında keçirilən qapalı toplantıda Pənah Hüseyn və bir sıra ziyalılar iştirak ediblər. Qərara alınıb ki, gələn ilin martında fövqəladə qurultay keçirilsin. Ancaq fövqəladə qurultayda nə Arif Hacılı, nə də Qubad İbadoğlu aday olmayacaq. İsa Qəmbərin adayı Məclisin sabiq sədri Arzu Səmədbəylidir. Hesab olunur ki, Arzu bəy ortaq aday kimi tərəfləri birləşdirməyə, narazıları sakitləşdiməyə nail olacaq. Maraqlıdır ki, qurultaydan sonra Səmədbəyli mübhəm şəkildə kölgəyə çəkilib. Onun Arif Hacılının "Məclis başqanı ol" təklifinə də yox dediyi bildirilir. Elçibəy siyasi məktəbi keçmiş Arzu bəyin bilərəkdən təmkinli davrandığı, proseslərə, tərəflərə qoşulmadığı aydın məsələdir. Görünür, Arzu Səmədbəyli ona ehtiyacın yaranacağını hiss edibmiş. Müsavatı bir dəfə Milli Məclisdə təmsil etmiş, müxalifətin də qəbul etdiyi (hətta AXCP-nin də ona münasibəti pis deyil) A.Səmədbəylinin ortaq aday kimi Müsavat başqanı olması mümkündür. Doğrudur, fövqəladə qurultay olarsa, Arif Hacılı tərəfdarları partiyanı tərk edə bilərlər. Ancaq onlar o qədər də çox deyillər. Arif Hacılı ilə birgə Müsavatı 15 nəfər tərk edə bilər.

Ərhun Abbas
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00