“Avropanın Azərbaycan qazına ehtiyacı artıb”
Elxan Şahinoğlu: “Rusiyanın Türkiyə ilə yaxınlaşması Ermənistan hakimiyyətini narahat edir”
9 Dekabr 2014 15:03 Siyasət"Rusiyanın Türkiyə ilə yaxınlaşması Ermənistan hakimiyyətini narahat edir". Dekabrın 9-da "Türkiyə-Rusiya-Azərbaycan İttifaqı və Dağlıq Qarabağ münaqişəsinin həlli" mövzusunda mətbuat konfransı keçirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə deyib. "Yerevan düşünür ki, Moskva Ankaranın istəyi əsasında Ermənistandan işğal altındakı torpaqları boşaltmasını tələb edə bilər. Məsələ burasındadır ki, Azərbaycan və Rusiya arasında da əməkdaşlıq artır, eynilə Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarına daha geniş miqyasda ixrac olunacaq. Digər tərəfdən Ankara Türkiyə-Rusiya ittifaqına tədricən Azərbaycanı da cəlb edə bilər" - deyə E.Şahinoğlu qeyd edib. Politoloq hesab edir ki, Azərbaycan da Türkiyə-Rusiya ittifaqında yer almaqda maraqlıdır. O, Putinin Türkiyə səfərində Prezident İlham Əliyevin Ərdoğanla telefonla danışmasını təsadüfi hesab etmir: "Danışıqda Azərbaycan prezidentinin G-20-lərin 2015-ci ildə Antalyada keçiriləcək görüşünə dəvət etdiyi bildirilir. Bu da Türkiyə-Rusiya-Azərbaycan üçbucağında vacib element sayıla bilər". Elxan Şahinoğlu hesab edir ki, Rusiya Türkiyəyə yeni qaz xətti çəkəcəksə və eyni zamanda Türkiyəyə daha çox qaz ixrac edəcəksə, Ankaranın Azərbaycan qazına marağı azala bilər: "Ankara Azərbaycandan qazın qiymətinin endirilməsini istəyə bilər. Lakin bu versiya ağlabatan deyil. Çünki Azərbaycan öz qazını Türkiyəyə Rusiya və İrandan da ucuz satır. Digər tərəfdən Türkiyə enerji idxalının diversifikasiyası siyasətini həyata keçirir, ona görə də Azərbaycan qazına həmişə ehtiyac duyacaq. Həm də Azərbaycan qazının bir miqadarı Türkiyə üzərindən Avropaya daşınacaq ki, bu Türkiyənin bölgədəki rolunun artmasına xidmət edəcək". Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya "Cənub axını"ndan imtina etdikdən sonra Avropanın Azərbaycan qazına ehtiyacı artıb. O, qeyd edib ki, Putin layihədən imtina etdikdən sonra Macarıstanın Xarici işlər naziri Peter Siyatro və Xorvatiyanın Baş naziri Zoran Milanoviç açıqlamalarında Azərbaycan qazına ümid etdiklərini bildirdilər. Politoloq bunu təsadüfi saymır. ""Cənub axını"-ndan məhrum olan Bolqarıstan və Serbiyanın da TAP və TANAP layihələrinə marağı artacaq" - deyə E.Şahinoğlu bildirib. ("OLAYLAR" İA)