Tezliklə seçkidir, bilən var?
Bələdiyyə seçilmək istəyənlərin sıfra bərabər fəaliyyəti
9 Dekabr 2014 10:16 Siyasət14 gündən sonra bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkilərlə əlaqədar olaraq seçicilərə artıq bildirişlər paylanıb. Amma təəssüflər olsun ki, çoxları dekabrın 23-də kimə səs verəcəyini bilmir. Çünki namizədlərini tanımırlar.
Bələdiyyə seçkilərinə az vaxt qalmasına rəğmən namizədlərin nə küçələrə yapışdırılan şəkillərini görmək olur, nə də ki, platformalarını açıqlayan çıxışlarını eşitmək.
"Təbliğat aparılıbmı? Xeyr. Bəs kimə səs verəcəksiz? Heç kimə" - deyə paytaxt sakinləri bildiriblər.
Namizədi tanımaq üçün isə seçkidən əvvəl onların təbliğat aparması lazımdır ki, bunu da etmirlər. Bəs belə olan halda seçici səsini kimə versin?! Çox da uzağa getməyək. Qonşu Türkiyənin təcrübəsinə nəzər salsaq görərik ki, yerli özünü idarəetməyə malik olan bu qurumlar aktiv fəaliyyətlə məşğuldur və cəmiyyətin həyatında həlledici rola malikdir. Bizdə isə əksinədir. İnsanlar səlahiyyəti müddətində bələdiyyələrin passiv fəaliyyətdən gileylənirlər və qısası bu qurumlara inanmırlar. Seçkidən öncə namizədin özünü tanıtmaq istəyinin olmaması da bu inamı heçə endiririr.
Beynəlxalq təcrübəni əsas götürən ekspertlər isə bunu onunla əlaqələndirirlər ki, bələdiyyələr yeni qurumdur və onların təkmilləşməsinə böyük ehtiyac var.
Mərkəzi Seçki Komissiyasında isə deyirlər ki, namizədlərə təbliğat işinin aparılması üçün lazımi şərait yaradılıb. "Bu məsələlərə Mərkəzi Seçki Komissiyası və yaxud da Dairə Seçki Komissiyası seçki məcəlləsinə görə müdaxilə edə bilməz. Bizim yeganə müdaxiləmiz ondan ibarətdir ki, onlara bütün şərait yaradılmalıdır. Bu bələdiyyəyə üzv namizədlərdə başa düşməlidir ki, ictimaiyyətin gözlətiləri var" - deyə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Qeyd edək ki, ölkə ərazisində 1607 bələdiyyə var. Bu yerli özünü idarəetmə orqanlarında olan işçi ştatı sayı isə15 minə yaxındır.