Anti-Azərbaycan qüvvələri fəallaşıb
Xədicə İsmayılın havadarları hücuma keçib
8 Dekabr 2014 15:42 SiyasətJurnalist Xədicə İsmayılın həbsi anti-Azərbaycan qüvvələrinin bir qədər də fəallaşmasına fürsət verib. Belə ki, öz gözlərində tiri görməyən bəzi beynəlxalq təşkilatlar Azərbaycanda çöp axtarışına çıxıblar. Məsələnin mahiyyətinə varmadan, jurnalistin həbsinin motivini araşdırmadan tələm-tələsin bəyənat yağışı yağdırmaq qənaətinə gəliblər. ABŞ Dövlət Departamenti, "Human Rights Watch", "Amnesty International" və digər təşkilatların Xədicə İsmayıl ilə bağlı qərəzli və heç bir reallığa söykənməyən bəyanatları ilə gündəmə gəliblər. Məsələ orasındadır ki, insan hüquqlarının müdafiəçisi kimi təqdim edilən belə "nüfuzlu" beynəlxalq təşkilatların qərəzli bəyanatları Azərbaycan cəmiyyətində ikrah hissi ilə qarşılanır. Rəsmi orqanların açıqlamalarından bəlli olur ki, jurnalist Xədicə İsmayıl konkret şəxsin müraciəti əsasında istintaqa cəlb olunub. Ona qarşı irəli sürülən ittihamlar isə cinayət qanunvericiliyində məsuliyyətə səbəb olur. Xatırladaq ki, Cinayət Məcəlləsinin 125-ci maddəsində özünü öldürmə həddinə çatdırma dedikdə - təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma - başa düşülür. Bu cinayət əməlinin ictimai təhlükəliliyi nəinki başqa şəxsin özünü həyatdan məhrum etməsi və ya buna cəhd göstərməsi, həm də təqsirkarın mənəviyyatdan, insanlıqdan kənar, amansız hərəkətlər etməsi ilə xarakterizə olunur. Bu cinayətdə zərərçəkmiş şəxs qismində yalnız təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olan şəxs çıxış edə bilər. Bu, məsələnin hüquqi tərəfi. O ki qaldı, beynəlxalq təşkilatların bəyənatlarının qərəzli olmasına, birmənalı şəkildə demək olar ki, indiyə qədər bu tipli açıqlamaların dəfələrlə şahidi olmuşuq. Cəmiyyəti narahat edən məqam ondan ibarətdir ki, ABŞ Dövlət Departamenti bu ölkədə qara dərili insanlara münasibətdə, irqi ayrı-seçkiliyin hökm sürdüyü bir şəraitdə polisin insanlığa sığmayan əməllərini müdafiə edir, ancaq Azərbaycanda hüquq-mühafizə orqanların qanunu hərəkətlərini pisləyir. Bu isə o deməkdir ki, ABŞ açıq-aşkar şəkildə Azərbaycanın daxili işlərinə müdaxilə edir və ölkəni anarxiyaya sürükləməyə cəhd edir. Beynəlxalq təşkilatlar o məqamı nəzərdən qaçırırlar ki, hələ indiyə qədər Azərbaycanda peşəsindən asılı olmayaraq heç kim fikir azadlığına görə təqib olunmayıb. Belə halda yayılan bəyənatda həqiqətə uyqun olmayan fikirlərin yer alması başa düşülən deyil.
Millət vəkili Siyavuş Novruzov bildirib ki, jurnalist Xədicə İsmayıl konkret cinayət əməlinə görə həbs edilib. Hazırda istintaq gedir və beynəlxalq təşkilatların, xarici dövlətlərin istintaqa təzyiq etməyə ixtiyarı yoxdur. Onun sözlərinə görə, istintaqın hər hansı təzyiqlə, hər hansı təpki ilə başqa istiqamətə yönləndirilməsi absurddur: "Heç kəs deyə bilməz ki, Xədicə İsmayıl hansı əməli törədib. Hər hansı beynəlxalq təşkilat, yaxud hər hansı siyasi partiya, jurnalist təşkilatı məgər istintaq, təhqiqat orqanıdırmı? Bunların heç biri müəyyən edə bilməz ki, kim hansı əməli törədib və bu əməlin ictimai təhlükəlilik dərəcəsi nədən ibarətdir? O baxımdan da istintaq araşdırar, əgər kiminsə nəyəsə şikayəti varsa, məhkəməyə müraciət edə bilər". Deputat Zahid Orucun sözlərinə görə, Xədicə İsmayıl on illərdir ki, jurnalistdir və bütün fəaliyyəti dövründə ona ötürülən saxta materialları ictimailəşdirməklə məşğul olub. Bir sıra hallarda açıq şəkildə kəşfiyyat strukturlarının məlumatlarını jurnalist araşdırması kimi təqdim edir. Ona verilən geniş diapazondakı çalışmaların səbəbi də bu olub. Ona görə faktiki olaraq, əgər Xədicə İsmayılı fəaliyyətinə və "jurnalist çalışmaları"na görə həbs etmək lazım gəlsəydi, bu, çoxdan baş verərdi. Z.Oruc bildirib ki, indiki halda isə məsələ tamamilə fərqlidir: "Tural Mustafayev adlı şəxs onun intihar halına çatdırılması ilə bağlı məhkəməyə müraciət edib. Bu zəmində də konkret istintaq araşdırmaları gedir və 2 ay müddətinə həbs qətimkan tədbirləri seçilib. Çox mümkündür ki, bütövlükdə bu məsələ zəminində onun çox ciddi günahları və hansısa məsuliyyəti müəyyənləşsin, yaxud da əksinə. Amma beynəlxalq təşkilatlar elə bəyanatlar səsləndirirlər ki, sanki Qarabağın işğalı bir nəfər jurnalistin həbsindən daha kiçik cinayətdir. Yəni adamda belə təsəvvür formalaşır ki, beynəlxalq qurumlar Azərbaycan üzrə elə ixtisaslaşıblar ki, hər səhəri informasiya çeşidlənməsində birinci "A" hərfindən və Azərbaycandan başlayırlar". Deputatın sözlərinə görə, bu ölkənin informasiya məkanında minlərlə xəbər dərc edilir: "Onların böyük hissəsi Azərbaycanın təcavüzdən ziyan çəkməsi, yaşadığı humanitar fəlakətlər, girovları, əsirlikdə qalanlar, torpaqlarına dönmək istəyənlərin fəryadları ilə bağlıdır. Nədənsə, bütün bu həyati məsələlərin hamısı gözlərdən yayınır, maraq predmetinə daxil olmur və yalnız bəlli sayda öz planlarına uyğun qeyd etdikləri sahədə adamlarının himayəsinə böyük dəmir dəbilqə ilə geyinib çıxıblar və müxtəlif bəyanatlar verilir". Z.Orucun sözlərinə görə, Azərbaycanın məhkəmə orqanları kimisə həbs edərkən onun jurnalist, xanım və s. kim olmasını əsas götürməyib: "Ona görə də məsələnin siyasiləşdirilməsi və onu Azərbaycan üzərində növbəti məhkəmə olayına çevirmək çox yanlışdır".
Alim