Arif Hacılı “Yeni Müsavat”la yolları ayıracaq

Başqan hələ ki Rauf Arifoğlu ilə dost kimi görünmək zorundadır

Müsavat başqanı Arif Hacılı "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə görüşüb. Mətbuata verilən açıqlamada qeyd olunur ki, tərəflər son günlər partiya ilə qəzet arasında yaranmış ziddiyyətləri aradan qaldırmağa çalışıblar. Arif Hacılı müavini Osman Kazımovun mövqeyini bölüşmədiyini, "Yeni Müsavat"ı dəstəklədiyini bildirib. Partiya rəhbəri baş redaktordan qarşıdakı mitinqə dəstək istəyib, yaranmış vəziyyətin aradan qaldırılacağını bildirib. Qeyd edək ki, Müsavat rəhbərliyi AXCP yanlılarının Rauf Arifoğluna qarşı Müsavat Milli Şuradan çıxandan sonra başlatdıqları, son 2 ayda sürətlənmiş qara piar kampaniyasına  laqeyd qalmış, bəzi hallarda bundan razılıq etmişdilər. Başqanın yeni müavinlərindən biri Osman Kazımov mərəkənin gücləndiyi bir vaxtda AXCP ilə müttəfiqlikdən danışmış, Rauf Arifoğlunu qəzəbləndirmişdi. Baş yazarı özündən çıxaran əslində Osman Kazımovun açıqlamasından çox Müsavat başqanının laqeyd qalması idi. Baş yazar bunun qarşılığında facebookda sərt bir status yazmış, "Yeni Müsavat"ın müsavatçı əməkdaşlarının partiyadan istefa verəcəklərini bildirmişdi. Başqanla görüşdən sonra hələki baş redaktor  gözləmə mövqeyindədir. Rauf Arifoğlunun davranışı Müsavat rəhbərliyinin hərəkətlərindən asılı olacaq.
Amma məsələ bir görüşdə həll olunacaq qədər sadə deyil. Arif Hacılı çətin durumda olduğundan "Yeni Müsavat" rəhbərliyi ilə münasibətləri isti saxlamağa çalışır. Partiyada onu qəbul etməyən və artıq təşkilatlanmaqda olan böyük bir qrup var. Arif Hacılı özünə ikinci cəbhə aça bilməz. Ancaq bir iş də var ki Osman Kazımovun dedikləri onun şəxsi fikirləri deyil. Arif Hacılı komandasının vahid fikridir, onlar Rauf Arifoğlu ilə yol getmək istəmirlər. Ancaq ayrıla da bilmirlər. Siyasi mühitə az-çox bələd olan hər kəs bilir ki, Rauf Arifoğlu və "Yeni Müsavat"a münasibətdə Arif Hacılının qardaşları Mustafa və Vaqifin yanaşması Fuad Qəhrəmanlının, Natiq Ədilovun yanaşmasından ciddi şəkildə fərqlənmir.  Mustafa Hacıbəyli "Yeni Müsavat"dan savaşaraq gedib. Arif Hacılının yaxınlarından biri Əfqan Muxtarlı Rauf Arifoğlu ilə düşmən münasibətdədir.  Osman Kazımov Əfqan-Mustafa-Vaqif mühitində foprmalaşmış fikri ifadə edib. Arif Hacılı komandası Müsavatın müxalifət daxilində mövqeyini möhkəmləndimək üçün AXCP ilə yaxınlaşmaq istəyir. AXCP isə yəqin ki, bir zamanlar Müsavatın qoyduğu "Asim Mollazadə və Əliməmməd Nuriyevi uzaqlaşdırın, müttəfiq olaq" şərtini irəli sürəcək, "Yeni Müsavat"dan ayrılın" şərtini qoyacaq. Göründüyü kimi Arif Hacılı çətin vəziyyətə düşüb. Belə anlaşılır ki, Müsavatda Osman Kazımov-Mustafa Hacıbəyli xətti bir müddət kölgəyə çəkliləcək. Arif Hacılı ən azı bu mərhələdə partiyadakı rəqiblərinin əlinə fürsət verməmək üçün "Yeni Müsavat"la sülh şəraitində yaşamağa məcburdur. Arif Hacılı Müsavatda mövqelərini möhkəmləndirdikdən, rəqibləri ilə münasibətlərini aydınlaşdırdıqdan sonra (böyük ehtimalla, Qubad İbadoğlu tərəfdarları partiyadan gedəcək) "Yeni Müsavat"la da yolları ayıracaq.

Zaur Sultanbud
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00