Ramiz Mehdiyevin kitabı Qazaxıstanda təqdim olundu

Dekabrın 3-də Qazaxıstan Respublikasının Atırau şəhərində X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun tərəfindən "Azərbaycanın Qazaxıstanda biznes investisiya Assosiasiyası"nın maliyyə dəstəyi ilə Qazaxıstanın dövlət orqanları və ictimaiyyət nümayəndələri arasında böyük marağa səbəb olmuş, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" qazax dilinə tərcümə olunmuş kitabın təqdimatı keçirilmişdir. Tədbirdə ilk öncə çıxış edən Atırau Dövlət Universitetinin rektoru, professor Beybut Mamrayev "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabını tədbir iştirakçılarına təqdim edərək, əsərin Qazaxıstanda Azərbaycanın tanıdılması sahəsində əhəmiyyətindən, Azərbaycanın müstəqilliyini bərpasından sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən güclü dövlətin yaradılması və iqtisadiyyatın modernləşdirilməsi sahəsində həyata keçirilən siyasi prioritetlərinin işıqlandırıldığını qeyd etmişdir. O, kitabın Qazaxıstan ziyalıları, habelə gənc alimlər tərəfindən Azərbaycanı dərindən tanımaları üçün dolğun nəşrin olduğunu vurğulamışdır. Daha sonra çıxış edən Baş konsul Rəşad Məmmədov kitabın qazax dilində nəşr olunması səbəblərindən danışaraq, Azərbaycanın möhkəmləndirilməsi və inkişafı yolunda qazanılan uğurların qazax içtimaiyyətinə çatdırılmasında kitabın önəmini vurğulamışdır. Baş konsul Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət geniş şərh edildiyi əsərin qazax ziyalıları, elm adamları, gənc alimlər və dövlət qulluqçuları üçün maraqlı olduğunu qeyd etmişdir. Tədbirin sonunda görüş iştirakşılarına kitabın nüsxələri paylanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00