“Azərbaycanın “G-20”-nin tədbirlərinə dəvət edilməsi adi hadisə deyil”

Elxan Şahinoğlu: “Münaqişənin həlli Ankara üçün əvvəlki kimi prioritet qalır və məsələ Rusiya prezidentinin də diqqətinə çatdırılıb”

"Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevi "Böyük iyirmilər"-in (G-20) 2015-c ilin noyabrında Antalyada keçiriləcək zirvə toplantısına dəvət etməsi, Türkiyə-Azərbaycan ittifaqının bir az daha güclənməsində və əsl regional gücə çevrilməsində önəmli addım sayıla bilər". "Olaylar"-ın məlumatına görə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə bir iddia ilə çıxış edib. E.Şahinoğlu bildirib ki, 2015-ci ildə "G-20"-yə Türkiyə sədrlik edəcək və Türkiyə üzv ölkələrdən başqa istədiyi bir dövləti bu tədbirə qonaq qismində dəvət etmək hüququna malikdir: "2013-cü ildə G-20-yə ev sahibliyini həyata keçirən Rusiya Qazaxıstanı, 2014-cü ildə Avstraliya isə Yeni Zellandiyanı seçmişdi. Türkiyə Azərbaycanı seçib. Azərbaycanın qarşıdakı ildə qurumun bütün tədbirlərində iştirak edəcək.  Dünya iqtisadiyyatının 95 faizi, ticarətin 85, əhalinin isə 2\3 hissəsi G-20 ölkələrində cəmləşib. Odur ki, belə bir kluba dəvət və kənardan da olsa söz haqqına malik olmaq sıradan bir hadisə deyil. İl boyu G-20-lər çərçivəsində keçiriəcək tədbirlərdə dünya iqtisadiyyatının böyüməsindən və ticarət imkanlarının genişlənməsindən tutmuş enerji əməkdaşlığına qədər onlarla mövzu müzakirəyə çıxarılacaq və Azərbaycan bütün bu müzakirələrdə iştirak edəcək.  Ən maraqlısı odur ki, Türkiyə və Azərbaycan prezidentləri bu mövzunu telefonla dekabrın 1-də müzakirə ediblər. Eyni tarixdə Rusiya prezidenti Vladimir Putin Türkiyəyə rəsmi dəfər edib. Fikrimcə, bu təsadüf deyil. Türkiyə və Azərbaycan prezidentləri telefon görüşməsində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı məsələləri müzakirə ediblər. Bu isə o deməkdir ki, bu münaqişənin həlli Ankara üçün əvvəlki kimi prioritet qalır və məsələ Rusiya prezidentinin də diqqətinə çatdırılıb. Digər tərəfdən Azərbaycan prezidenti Dağlıq Qarabağ problemini və bunun regional əməkdaşlığıa vurduğu ziyanı G-20-lərin zirvə toplantısında da gündəmə gətirmək imkanı qazanacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00