“Beşinci kolon” dağıdıcı fəaliyyətini davam etdirir”

Vüqar Əliyev: “Erməni informasiya resursları cəbhə bölgəsində Azərbaycana qarşı informasiya diversiyası həyata keçirirlər”

Dekabrın 5-də Azərbaycan Respublikası Prezident Administrasiyası, Müdafiə Nazirliyi və Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov, bu ilin avqust ayında cəbhə bölgəsində baş verən gərginlik zamanı bəzi internet resurslarının düzgün mövqe tutmadıqlarını bildirib. Məsələ ilə əlaqədar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə KİV rəhbərlərilə keçirilən müşavirə və sentyabrın 24-də Prezident İlham Əliyevin imzaladığı sərəncamı xatırladan Ə.Amaşov, bundan sonra "Dövlət sirri haqqında" Qanuna dəyişikliklər, eləcə də jurnalistlərin cəbhə bölgəsində prosesləri işıqlandırmaq üçün Müdafiə Nazirliyində akkreditasiyası, onlar üçün təlimlərin keçirilməsi və s. məsələlərin gündəmə gəldiyini vurğulayıb. Şura sədri rəhbəri olduğu qurumun da cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması yönündə işini davam etdirəcəyini və mövzu ilə əlaqədar jurnalistlər üçün tədbirlərin keçiriləcəyini bildirib.

"Ermənilərin növbəti təxribatlar törədəcəyi istisna olunmur"

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxışında dünyada və regionda cərəyan edən hadisələr, son bir neçə ayda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı müşahidə olunan gərginlik cəmiyyətimizin informasiya təhlükəsizliyinin təmin olunması məsələsini aktuallaşdırdığını bildirib. V.Əliyevin sözlərinə görə, regionun aparıcı ölkəsi olan Azərbaycan həm müxtəlif xarici dairələr, həm Ermənistan, həm də erməni lobbisinin davamlı və məqsədyönlü informasiya təxribatlarına məruz qalır: "Digər tərəfdən bəzi anti-milli daxili qrupların və müvafiq xarici dairələrin birgə fəaliyyəti nəticəsində Azərbaycanın demokratik vəziyyəti barədə məlumatların cəmiyyətə təhrif olunmuş formada çatdırılmasına cəhdlər, onların Ermənistan və erməni lobbisi ilə üst-üstə düşən mövqeyi, bəzi istiqamətlər üzrə sinxron işbirliyi Azərbaycanın milli maraqlarına zərbə vurur. Xüsusən də cari ilin avqust ayının əvvəllərində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində düşmən təxribatları, düşmən ordusunun işğal altında olan ərazilərdə keçirdiyi hərbi təlimlər, eləcə də noyabrda Ermənistana məxsus hərbi vertolyotun vurulması göstərdi ki, erməni informasiya resursları cəbhə bölgəsində Azərbaycana qarşı informasiya diversiyası həyata keçirirlər. Nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və ermənilərin növbəti təxribatlar törədəcəyi istisna olunmur. Bundan əlavə, saxta "erməni soyqırımı"-nın 100 illiyinə hazırlaşan ermənilər hətta qardaş Türkiyədə geniş tədbirlər keçirməyə başlayıblar və bu amillərdən də Azərbaycana qarşı istifadə etməyə ciddi səy göstərəcəklər. Diqqətli olmaq lazımdır". Vüqar Əliyev qeyd edib ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələri və KİV rəhbərləri ilə müşavirəsində cəmiyyətin informasiya təhlükəsizliyi ilə bağlı hazırki durum təhlil edildi. O, müşavirədə mövcud problemlərdən çıxış yolları göstərildiyini qeyd edib: "Sentyabrın 24-də isə Azərbaycan Prezidenti tərəfindən sərəncam imzalandı. Sərəncamda cəbhə bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də dövlət sirrini təşkil edən hərbi məlumatların açıq formada yayılmasının qarşısını almaq üçün tədbirlər müəyyənləşdirilib. Artıq bu istiqamətdə tədbirlər həyata keçirilir. Bununla bağlı Prezident Administrasiyasının şöbəsi müvafiq tədbirlər planı hazırlayıb və həyata keçirilməkdədir. Bunlar mediada informasiyanın yayılmasına məsul olan şəxslərin peşəkarlığının artmasına şərait yaradacaq". Bəzi internet resurslarının qeyri-peşəkar, xüsusən ermənilərin fəaliyyətinə uyğun işlədiklərini deyən V.Əliyevin sözlərinə görə, Azərbaycan mediası xüsusən Ermənistan mediası tərəfindən yayılan məlumatlara diqqətlə yanaşmalıdır: "Biz informasiya axınının ardınca getməli deyilik. Gündəmi özümüz yaratmalıyıq. Artıq dünyanın aparıcı media orqanlarında Azərbaycan KİV-nə istinad edilir. Jurnalistlər dünyanın aparıcı KİV-də məsələlərin şərh edilməsinə cəlb olunur. Azərbaycan mediası öz nüfuz dairəsi və inkişaf səviyyəsinə görə Ermənistan və Gürcüstan mediasını geridə qoyur. Avqustda cəbhədə baş verən hadisələrlə müqayisədə helikopterin vurulması zamanı mediamız məsələlərə kifayət qədər peşəkar yanaşdı və erməni təxribatına layiqli cavab verildi. Cəmiyyətin ümumi rəyi ondan ibarət oldu ki, erməni təxribatına Azərbaycan tərəfindən layiqli cavab verilib. Lakin bunlar heç də problemlərin aradan qaldırılması demək deyil. Bilirsiz ki, ermənilər Azərbaycana qarşı informasiya təxribatını gücləndiriblər. Həm internet resurslarında, həm dəsosial şəbəkələrdə heç bir əsası olmayan, həqiqətə uyğun olmayan məlumatlar yayılır. Təəssüf ki, bəzi internet resurları bu məsələyə peşəkar yanaşmır, informasiyanı dəqiqləşdirmədən cəmiyyətə təqdim edirlər. Bu düşmən dəyirmanına su tökməkdir. Təəssüf ki, "5-ci kolon" adlandırdığımız qrup dağıdıcı və təxribatçı fəaliyyətini davam etdirir və Qərbdən daxil olmuş qrantları yığmaq üçün anti-milli mövqedən çıxış etməkdən çəkinmir. Azərbaycan mediası Ermənistan mediasının yaydığı məlumatlara daha peşəkar yanaşmalıdır. Jurnalistlərin akkreditasiya olunması vacib şərtlərdən biridir. Hərbi məlumatlar yayıldıqda Müdafiə Nazirliyi ilə əlaqələndirilməlidir".

""Dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar" toplusu Mətbuat Şurasına təqdim olunub"

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı çıxışında "Jurnalistlərin cəbhəboyu zonada akkreditasiya və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası" layihəsinin hazırlanması barədə məlumat verib. O, layihənin artıq Nazirlər Kabinetinə təqdim olunduğunu deyib: "Sənəddə ümumi müddəalar, akkreditasiya üçün müraciətin edilməsi və baxılması, akkreditə olunma, akkreditə olunmadan imtina və akkreditənin ləğvi, jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətlərin Müdafiə Nazirliyi ilə razılaşdırılması bəndləri var. Vaqif Dərgahlının sözlərinə görə, müdafiə nazirinin müvafiq qərarı ilə "Silahlı Qüvvələrdə KİV nümayəndələri ilə ilə işin təşkili haqqında Təlimat" hazırlanaraq qoşunlara göndərilib: "Sənəddə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili qaydaları, media ilə əlaqələr, münasibətlərin əsas istiqamətləri, prinsipləri, jurnalistin hərbi obyektə buraxılması qaydaları və digər məsələlər öz əksini tapıb. Bundan əlavə, müdafiə nazirinin əmrinə əsasən, "Dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar" toplusu buklet formasında hazırlanaraq Silahlı Qüvvələrin şəxsi heyətinə və əmrdə göstərildiyi kimi Mətbuat Şurasına təqdim olunub. Bu günlərdə isə "İnformasiya təhlüksəziliyi" və "Fiziki təhlükəsizlik" adlı məlumat topluları da hazırlanaraq şəxsi heyətə çatdırılıb və yaxın günlərdə KİV nümayəndələrinin tanış olması üçün nazirliyin rəsmi internet səhifəsində yerləşdiriləcək". Digər çıxışçılar da dövlət sirri təşkil edən, hərbi xarakterli, milli təhlükəsizliklə bağlı məlumatların mediada yayılmazdan əvvəl ciddi şəkildə təhlil olunması barədə danışıblar.
Qeyd edək ki, tədbirdə KİVDF-ın icraçı-direktoru Vüqar Səfərli, "Olaylar" İnformasiya Agentliyinin direktoru Yunus Oğuz, "APA" Holdinqin rəhbəri Vüsalə Mahirqızı, KİV rəhbərləri, Ədliyyə və Müdafiə Nazirliklərinin nümayəndələri və jurnalistlər iştirak ediblər.


Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00