23 QHT-nin Şultsa etiraz məktubu göndərib

Avropa Parlamentinin prezidenti Martin Şultsun Avropa Parlamentinin plenar iclasında Azərbaycana qarşı qərəzli çıxışı Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin hiddətinə səbəb olub. Vətənpərvərliyin təbliği və milli- mənəvi dəyərlərin qorunması istiqamətləri üzrə Azərbaycanda fəaliyyət göstərən 23 QHT də bu barədə birlikdə etiraz bəyanatı yayıblar. Bəyanatda bildirilir: "Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı növbəti qərəzli çıxışına vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq qəti etirazımızı bildiririk.

Noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında Martin Şults guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında söylədiyi fikirlər ölkəmizin daxili işlərinə qarışmaq deməkdir. M.Şults bununla Azərbaycanda, ümumiyyətlə, insan haqlarına guya əməl edilməməsi təəssüratı yaratmağa cəhd edib. Konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə, antiazərbaycan dairələrlə işbirliyində ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir. İndiyə qədər M.Şults Ermənistandan deportasiya edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun danışmayıb, erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qoyulan müsəlmanlardan bəhs etməyib. 25 ildir təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də olsun cənab Şultsun səsini və fikrini eşidən olmayıb, eyni zamanda Avropada hər gün dini və insani hüquqları tapdanan milyonlarla müsəlmanın,miqrantların və ya Avropa vətəndaşları olan digər dinlərə və millətlərə mənsub insanların ciddi diskriminasiyaya məruz qalması Avropa Parlamentinin prezidentini qətiyyən narahat etmir. Eləcə də Şults Azərbaycanın müstəqil milli inkişafı və qüdrətlənməsi, beynəlxalq arenada əldə etdiyi uğurlarla barışa bilmədiyini də ortaya qoymuş olur, bununla isə o, antiazərbaycan dairələrin mövqeyilə uyuşan fəaliyyətinə rəvac vermiş olur. Bütün bunları nəzərə alaraq, M.Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyirik".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00