Qərbin Cənubi Qafqaz siyasətinin zəifliyi

Avropa Parlamenti region dövlətlərinin bölgədəki rolunu real qiymətləndirə bilmir

Azərbaycana qarşı ikili standartlar, qərəzli mövqe hər addımda özünü göstərir. Artıq xeyli müddətdir ki, Qərbin bir sıra dairələri ölkəmizə qarşı hücumda sanki yarışa giriblər. Ağ Ev rəhbəri Barak Obamadan tutmuş Avropanın inkişaf baxımından heç də Azərbaycandan irəlidə olmayan dövlətinin QHT-ləri və onların rəhbərlərinə qədər hər bir şəxs Azərbaycana qarşı bacardığı qədər qərəzli mövqe nümayiş etdirir. Bu günlərdə analoji hadisə Avropa Parlamentinin prezidenti Martin Şults tərəfindən təkrarlanıb. Belə ki, Şults Avropa Parlamentinin plenar iclasında Azərbaycana qarşı növbəti qərəzli çıxış edib. Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında Martin Şults guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusun hüquqlarının pozulması haqqında absurd fikirlər söyləyib. Şults bununla Azərbaycanda, ümumiyyətlə, insan haqlarına guya əməl edilməməsi təəssüratı yaratmağa cəhd edib. AP rəsmisinin bu qərəzli yanaşması haqlı olaraq ölkəmizdə ciddi etirazla qarşılanıb. Xüsusilə vətəndaş cəmiyyətinin nümayəndələri Şultsun ədalətsiz yanaşmasına iradlarını bildiriblər. "Bələdiyyələrin İnkişafına Yardım" ictimai birliyinin sədri Niyaməddin Orduxanlı bildirib ki, Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı etdiyi çıxışı birbaşa qərəzli və Azərbaycana olunan təzyiq kimi səciyyələndirir və buna kəskin etirazını bildirir: "Avropa Parlamentinin prezidenti olaraq Martin Şults Avropanın və xüsusən də Azərbaycanla qonşu ölkələr bərabər münasibət göstərməyi tələb edirik. Qonşu Gürcüstan və Ermənistanda onlarla QHT sədri, bloqçular, siyasi partiya yetkililəri, həbsdə olduğu halda, ancaq Azərbaycanda vətənə xəyanət ittihamı ilə həbs atılmış Leyla Yunusun həbsini səsləndirmək və onun hüquqlarının pozulmasından bəhs etmək, onu deməyə əsas verir ki, Martin Şults Azərbaycana qarşı qərəzli mövqe tutub və bu Azərbaycan cəmiyyətində Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın imicinə böyük zərbə vurmuş olur. Avropa Parlamentinin rəhbəri unumamalıdır ki, Ermənistan dövləti rəsmən bir milyon Azərbaycan vətəndaşının hüququnu pozub, 20 mindən artıq Azərbaycan vətəndaşı erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilib, 30 mindən artıq soydaşımız əlil olub. Niyə bir dəfə də olsun Martin Şults bu məsələlərdən danışmayıb?! Bütün bunlar onu deməyə əsas verir ki, cənab Şultsun verdiyi bəyanat siyasi xarakter daşıyır və Azərbaycan dövlətinə təzyiq edilməsi üçün deyilmiş sözlərdi".

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) sədri Çingiz Bayramov deyib ki, Avropa Parlamentinin prezidenti olan Martin Şultsun başlıca vəzifəsi Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət göstərməkdir: "Lakin cənab Şults ayrı-seçkilik edərək, ölkəmiz haqqında həqiqətə uyğun olmayan fikirlər yaymaqla məşğuldur. Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında səsləndirdiyi fikirlər onun qərəzli olduğunu bir daha sübut edir. Martin Şults guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusun hüquqlarının pozulması haqqında hüquqa zidd olan fikirlər səsləndirməklə ölkəmizin daxili işlərinə qarışıb. Konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir. Çünki sözügedən şəxslərin həbsinin səbəbləri ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə ətraflı izahat verilib". TUMİB sədri onu da qeyd edib ki, M.Şults indiyə qədər heç bir çıxışında Ermənistandan deportasiya edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun danışmayıb, erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qoyulan müsəlmanlardan bəhs etməyib: "Azərbaycan hökumətinin uzun illərdən bəri həyacan təbili çalmasına baxmayaraq, cənab Şultsun 25 ildir təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də olsun səsini və fikrini eşidən olmayıb, eyni zamanda Avropada hər gün dini və insani hüquqları tapdanan milyonlarla müsəlmanın diskriminasiyaya məruz qalması Avropa Parlamentinin prezidentini qətiyyən narahat etmir. Bütün bunlar onu göstərir ki, cənab Şultsu Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaq, Azərbaycan xalqını demokratik dəyərlərdən uzaq bir xalq kimi qələmə vermək daha çox maraqlandırır. Fikrimizcə, Avropa Parlamentində Azərbaycana qarşı qərəzli, həqiqətə uyğun olmayan belə fikirlərin səslənməsi Qərbin Cənubi Qafqaz siyasətinin zəifliyindən xəbər verir, bu təşkilatın hələ də region dövlətlərinin bölgədəki rolunu real qiymətləndirə bilmədiyini bir daha təsdiq edir".


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00