Rauf Arifoğlu Müsavatı hədələdi!
Baş yazarı “Yurd”la savaşda tək qoydular, Arifoğlu “partiyadan çıxarıq” dedi
5 Dekabr 2014 14:49 SiyasətRauf Arifoğlu rəhbərlik etdiyi "Yeni Müsavat" qəzeti ilə ilə Müsavatın yolları ayrıla bilər. Buna səbəb Müsavat partiyası rəhbərliyinin baş yazarı AXCP ilə savaşda tək qoymasıdır. Bu barədə facebook sosial şəbəkəsində Rauf Arifoğlu yazıb. Onun sözlərinə görə, dəfələrlə Müsavat partiyasına olan hücumlara təkbaşına cavab verib, Müsavat onu yarı yolda qoyub. Arifoğlunu daha çox qəzəbləndirən başqan müavini Osman Kazımovun
Əli Kərimli, müavini Fuad Qəhrəmanlı, sözçüsü Natiq Güləhmədoğlu və digər AXCP fəallarının hər gün Rauf Arifoğlunu, "Yeni Müsavat"ı ən sərt ifadələrlə tənqid etdiyi, ələ saldığı, hətta söydüyü bir vaxtda AXCP ilə müttəfiqlikdən danışması olub. Osman Kazımov mediaya açıqlamasında deyib: "Media AXCP Müsavat qarşıdırmasından danışır. "Yeni Müsavat" qəzetinin baş redaktoru ilə AXCP sədri Əli Kərimli və "Azadlıq" qəzeti arasında olan münaqişənin Müsavat partiyasına heç bir aidiyyatı yoxdur. Müsavat partiyası bu münaqişədə maraqlı deyil, qarışmır və təəssüf hissi keçirir". Kazımov Müsavatı hər addımda aşağılayan AXCP ilə ittifaqdan da bəhs edib: "Müsavat partiyasının AXCP ilə əməkdaşlığını məqbul hesab edirəm. Müsavatda da AXCP də də bir-birini qəbul etməyən, xoşa gəlməyən ifadələr işlədən insanlar var. Amma bu o demək deyil ki, biz bir-birimizə düşmən gözü ilə baxmalıyıq. Unutmayın ki, Müsavat da AXCP də Azərbaycan Xalq Cəbhəsi kimi möhtəşəm və şərəfli bir yol keçmiş bir təşkilatın şinelindən çıxıb. Uzun zaman bir yerdə olmuşuq, birgə mübarizə aparmışıq". Kazımovun bu açıqlamasına Rauf Arifoğlunun münasibəti kiyafət qədər sərt olub: "Bəzi Müsavat üzvləri də, hətta rəhbərliyə aid olanlar, facebookda kürəyimizdən xəncərləməkdədir. Həm də artıq neçənci dəfə. Böyük Yurdçu Osman Kazımov Əli Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü adlandırır, digəri deyir ona ləkəyik...AXCP ilə müttəfiqmişlər, xəbərimiz yox! Tamam qardaşlar, inşallah, gələn həftə qəzetdə çalışan müsavatçılar olaraq bu partiyada qalıb-qalmamaq məsələsini müzakirə edərik. Rahat olun. Müsavat rəhbərliyi bizi Əli Kərimli ilə öz aralarında hesab edirlərsə, biz çəkilərik. Onsuz da istər ötən il, istərsə də bu il Əli Kərimlinin Müsavatı dağıtmağa yönələn kampaniyasının qarşısında tək durduq, partiya nə özünə, nə də bizə dəstək vermədi". Arifoğlunun qardaşı Azər Ayxan da, digər müsavatçı müxbirlər də baş yazarı dəstəkləyiblər, "YM" jurnalistlərinin partiya ilə əlaqələrinin kəsilməsini gündəliyə gətiriblər. Obyektivlik naminə bu məsələdə Rauf Arifoğlu haqlıdır. Baş yazar illərdir Müsavatı AXCP-nin qara piarından qoruyur. Partiya haqqında formalaşmış mənfi imici öz üzərinə alır, Müsavatı sudan quru çıxarır. Belə bir zamanda aktiv siyasətə, funksioner işinə yenicə gəlmiş Osman Kazımovun açıqlaması gerçəkdən mənfi haldır və "YM" baş redaktorunu incidir. AXCP yaxşı bilir ki, Müsavatın gücü "Yeni Müsavat"dadır. Partiyanı qəzetin dəstəyindən məhrum etmək Müsavatı tək qoymaqdır. "Yeni Müsavat" Müsavat partiyasından ayrılsa, bundan itirən partiya olacaq.
Rauf Arifoğlu durumu gözəl bilir və partiyaya son xəbərdarlığını edir. Baş yazarın "Qəzetdəki müsavatçılar partiyadan çıxacaq" hədəsi həm də İsa Qəmbərə yönəlib. Arifoğlu İsa Qəmbərin jurnalistikadan xəbərsiz oğlu İlkin Qəmbərə rusdilli minval.az saytı açıb, hər ay maaş verir. Baş yazarın "partiyadan çıxarıq" hədəsi eks-başqana mesajdır: oğlunun da iş yeri bağlana bilər. İsa Qəmbər partiya ilə qəzet arasındakı ziddiyyəti çözməzsə, Müsavat partiyası əsas təbliğat ruporunu itirmiş olacaq.
Ərhun Abbas