“Sabah” qəzeti şəhidlərin ruhunu təhqir edib

"Türkiyənin "Sabah" qəzeti Azərbaycanın müstəqilliyinə qarşı olan yazı dərc edib. Qəzetdə yer alan "3 Başkenti, 11 resmi dili ve 5 dilde ulusal marşı var!" adlı məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi Dağlıq Qarabağ Cumhuriyəti kimi göstərilib. Biz Qeyri Hökumət Təşkilatları qardaş ölkədə fəaliyyət göstərən bir qəzetdə Azərbaycana qarşı bu cür münasibət sərgiləyməsinə, Azərbaycan ərazisinin "Dağlık Karabağ Cumhuriyeti" kimi göstərilməsinə kəskin etiraz edirik". Regional Insan Hüquqları və Ekologiya Müdafiə Mərkəzininin yaydığı bəyənatda bildirilir ki, bu kimi yazılar Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə zərbə vurmaq istəyənlərə xidmət edir. 20 ildən artıqdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, minlərlə azərbaycanlını girov götürüb, on minlərlə insanı qətlə yetirib. Ermənilər qoca, uşaq, qadın demədən azərbaycanlılara bəşəriyyətin görmədiyi işgəncələri veriblər: "Bütün bunlara baxmayaraq Türkiyədə nəşr olunan "Sabah" qəzeti Azərbaycanın işğal olunmuş ərazilərini ermənilərə məxsus dövlət kimi göstərib. Dünyanın heç yerində tanınmayan, qəbul edilməyən qondarma və terrorçu bir qrupun "Sabah" qəzetində müstəqil dövlət kimi təqdim olunmasını Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid hesab edirik. Qardaş bir ölkədə fəaliyyət göstərən "Sabah" qəzeti bu yazı ilə on minlərlə Azərbaycanlı şəhidlərin ruhunu təhqir edib. Təcili şəkildə "Sabah" qəzetindən bu məsələ ilə bağlı Azərbaycan xalqından üzr istəməsini, təkzib verməsini tələb edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00