DJB-dən “Sabah” qəzetinə etiraz
5 Dekabr 2014 13:58 SiyasətDiaspor Jurnalistləri Birliyi Türkiyənin "Sabah" qəzetinin Azərbaycana qarşı yol verdiyi ərazi təxribatı ilə bağlı etiraz bəyanatı yayıb. "OLAYLAR"-a daxil olan bəyanatın mətnində bildirilir ki, "Sabah" qəzetində qondarma Dağlıq Qarabağ Respublikasının "müstəqil dövlət" kimi göstərilməsi yolverilməzdir: "Qondarma rejim dünyanın heç bir ölkəsi, hətta Ermənistan tərəfindən tanınmayıb. Qardaş ölkədə nəşr olunan qəzetdə bu yazının verilməsi təəssüfedici haldır. Dağlıq Qarabağ Azərbaycan dövlətinin tərkib hissəsidir və hazırda Ermənistanın işğalı altındadır. "Sabah" qəzeti Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən bu təcavüzə göz yummuş olub. Hesab edirik ki, "Sabah" qəzeti müstəqilliyimizə qarşı olan bu yazı ilə iki qardaş ölkə arasında münasibətləri korlamağa çalışır. Bu yazı ilə qəzet bütün beynəlxalq qanunların ziddinə gedib". Bəyanatda həmçinin qeyd olunub ki, son zamanlar Türkiyə mediasında belə "təsadüflər" tez-tez baş verir: "Bundan əvvəl də erməni helikopterinin vurulması zamanı Türkiyə mediasında "Dağlıq Qarabağ Ordusu" ifadəsi yer almışdı. Bütün bunlar Türkiyənin bəzi media qurumlarının təxribata yol verdiyini və iki ölkə münasibətlərinə zərbə vurmağa çalışdığını düşümnməyə əsas verir". DJB təcili şəkildə "Sabah" qəzetinin təkzib verməsini və Azərbaycan xalqından üzr istəməsini tələb edib.