Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bəyənat yayıb

"Avropa Parlamentinin prezidenti cənab Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı növbəti qərəzli çıxışını qətiyyətlə pisləyir, bunu müstəqil ölkəmizin daxili işlərinə qarışmaq cəhti kimi qəbul edir və bu addıma öz qəti etirazımızı bildiririk". Bu fikirlər ATGTİ-in yaydığı bəyənatda əksini tapıb. Sənəddə bildirilib ki, cənab Şults Avropa Parlamentinin prezidenti olaraq, Avropanın bütün ölkələrinə ədalətli mövqedən yanaşmalı olduğu halda, Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirir: "Cənab Şults guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında dediyi fikirlərlə ölkəmizin daxili işlərinə qarışıb. Bu kimi addımlarla o, Azərbaycanda guya insan haqlarına əməl olunmamasına diqqət cəlb etməyə çalışır. Belə addımlar Avropa Parlamenti kimi beynəlxalq, nüfuzlu təşkilatın obyektivliyinə kölgə salır. Bununla qurum ölkəmizə qarşı qərəzli mövqelərini bir daha sübut edir, ikili standartlar siyasətini nümayiş etdirir". Bəyənatda həmçinin qeyd edilir ki, cənab Şults Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaqdan başqa heç bir məqsədə xidmət etmir: "ATGTİ olaraq Biz, Martin Şultsun əzmkar və möhkəm siyasəti ilə seçilən, güclü Azərbaycanın nüfuzunu kiçiltmək cəhdlərini, söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir, bütün Avropa cəmiyyətini bu kimi ikili standartlara xidmət edən siyasət və siyasətçilərə qarşı etirazlarını bildirməyə çağırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00