Papa işğalçıların tərəfində olduğunu ortaya qoyub
5 Dekabr 2014 13:28 Siyasət"Papa Ermənistanla sərhədlərin açılması üçün Türkiyəyə təzyiq edə bilməz". Bu fikirləri "OLAYLAR"a verdiyi açıqlamasında İğdır Azərbaycan Evi dərnəyinin sədri Sərdar Ünsal bildirib. Sərdar Ünsal katoliklərin ruhani lideri Roma Papası Fransiskin bu fikrinə etiraz edib. Onun sözlərinə görə, Roma papası Fransisk Türkiyə-Ermənistan sərhəddi açılsın sözünü demək əvəzinə ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çəkilsinlər və bölgəyə sülh gəlsin, deyə bilərdi: "İşğalçı Ermənistan dövlətini görməyən hörmətli Papa bu fikrini səsləndirməklə, işğalçıların tərəfində olduğunu ortaya qoyub. Papa yurd-yuvasından didərgin qalan bir milyon köçkünü görməməzlikdən gəlib. Bir dini liderin vəzifəsi tərəfsiz olmaq və insanları inanclarına görə təhqir etməməkdir. Sərhəd qapılarının açılması ancaq işğalçı Ermənistanın Azərbaycan torpaqlarından çıxması ilə baş tuta bilər". S.Ünsal bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun bununla bağlı açıqlamaları var. Belə ki, Papa bu məsələdə Türkiyəyə təzyiq edə bilməz: "İstəyimiz odur ki, Papa Fransisk əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımına görə erməniləri qınasın".