QHT-dən Martin Şultsa etiraz bəyanatı
4 Dekabr 2014 17:23 SiyasətQloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı növbəti qərəzli çıxışına etiraz bəyanatı yayıb. "OLAYLAR"-a daxil olan bəyanatda bildirilir ki, bu çıxış ölkəmizin daxili işlərinə qarışmaq cəhdidir və Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi olaraq buna öz qəti etirazını bildirir: "Avropa Parlamentinin prezidenti Martin Şults Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət sərgiləmək əvəzinə ölkəmiz haqda həqiqətə uyğun olmayan fikirləri ilə diqqət çəkir. Martin Şults guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında söylədiyi fikirlər ölkəmizin daxili işlərinə qarışmaq deməkdir. M.Şults bununla Azərbaycanda, ümumiyyətlə, insan haqlarına guya əməl edilməməsi təəssüratı yaratmağa cəhd edib. Konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir".