“Beşinci kolon”-Qərbin təzyiq rıçaqı rolunda

Qərbdən “vətəndaşların üsyan etmək hüququ var” tezisi milli dövlətləri çökdürmək məqsədi güdür

Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İkili standartların dünya nizamı və müasir Azərbaycan" məqaləsi cəmiyyətdə ciddi rezonans doğurub. Son 25 ildə bölgədə, özəlliklə Şərqi Avropa və Yaxın Şərqdə baş verən hadisələrinin təhlil olunduğu yazıda milli dövlətlərin dağılmasını, stabil inkişaf yolu keçmiş cəmiyyətləri xarabazara çevrilməsini Qərbin "üsyan etmək hüququ vətəndaşların hakimiyyətin qəsb edilməsinə müqavimət göstərməsi kimi təbii hüququdur" tezisinin kütlələrə təlqin edilməsi ilə əlaqələndirilir. Yazıda göstərilir ki, Qərbin idarə etdiyi "beşinci kolon" məhz bu tezislərlə kütlələri demokratik seçkidə iş başına gəlmiş hökumətlərin üstünə qaldırır. Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə "ərəb baharı" inqilabları da Qərbdə hazırlanmış planın tərkib hissəsi kimi nəzərən keçirilir. Qeyd olunur ki, hələ SSRİ-nin mövcud olduğu dövrdə Baltikyanı ölkələrə gələn məşhur Cin Şarp vaxtilə Cənub-Şərqi Asiya materialı üzərində işlənib hazırlanan metodların müəllifi və onların sınaqdan çıxarılmasının təşəbbüsçüsüdür. Misir və Tunisdə inqilabın əsas avanqardı olan "müsəlman qardaşlar" və onlara yaxın təşkilatlar Şarpın "Diktaturadan demokratiyaya doğru" və "Qeyri-zorakı hərəkətlərin 198 metodu" kimi əsərlərini ərəb dilinə tərcümə edib kütləvi tirajla nəşr etmişlər. Kütlə inqilabının əsas liderlərindən biri sayılan Lenindən fərqli olaraq Sarpın əsas məqsədi "proletar diktaturası qurmaq", "ictimai bərabərlik yaratmaq" deyil, dövlət aparatını dağıtmaqdır. Siyasi ekspertlər hesab edir ki, Şarp Qərbin müxtəlif ölkələrinin, xüsusi xidmətlərinin, o cümlədən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişlərini yerinə yetirir. Maraqlıdır ki, Amerika rəsmiləri dünya ölkələrində rəngi inqilabların hazırlanması və reallaşmasına dəstək verdiklərini inkar etməyiblər. ABŞ-ın Rusiyadakı sabiq səfiri Maykl Makfl riyakarlıqla deyib ki, bu gün ABŞ Prezidenti Barak Obamanın nümayəndələri "rəngli inqilablar"a sponsorluq etmirlər. Bununla belə, o da etiraf edir ki, ABŞ əvvəllər bu işlə məşğul olurdu. O, Yuqoslaviyadakı "buldozer inqilabı" və sonradan Serbiyada baş verən hadisələrdən bəhs edərək açıq etiraf edir ki, "vəziyyətin sabitliyini pozmaq üçün müxalifətə birbaşa pul verilirdi və bu, öz işini gördü".
Maraqlıdır ki, son illər Qərb texnoloqları siyasi partiyalardan daha çox qeyri-hökumət təşkilatları ilə işləməyə üstünlük verirlər. Ərəb ölkələrində inqilabi proseslərin önündə məhz sivil toplum təşkilatları gedirdi. ABŞ texnoloqları MDB ölkələrində də bu metoddan istifadə qarşıya qoyublar.
Məqalədə doğru olaraq qeyd olunur ki, Qərb texnoloqları cəmiyyətdə belə bir tezis də yayırlar ki, inqilab guya rasional və kortəbii şəkildə baş verən hadisədir, yaranmış ziddiyyətlər düyünündən çıxış yoludur. Lakin "rəngli inqilablar"dövrünü yaşamış ölkələrin təcrübəsi göstərir ki, bu inqilablar həyata keçiriləndən sonra problemlərin və ziddiyyətlərin həcmi qat-qat artır. Liviyada, Misir və Tunisdə yaşanan siyasi, sosial və humanitar böhran bu fikrin sübutudur. Qəribədir ki, inqilabi prosesləri yaşayan ölkələrin düşdüyü durum belə Qərb texnoloqlarını "inqilab ixracı" metodundan çəkindirməyib. Bu il sentyabrın axırlarından başlayaraq, artıq iki aydır ki, dünya bu dəfə Honkonqda növbəti "rəngli inqilab" cəhdinin şahididir. Məqalədə qeyd olunur ki, bu hadisələr göstərir ki, dünyada müəyyən qüvvələr onları qane etməyən hakimiyyətin dəyişdirilməsi üçün "rəngli inqilablar"dan istifadə etmək praktikasından hələ imtina etməyiblər.
Qərb dairələri rəngli inqilabları özlərinin formalaşdırdığı "beşinci kolon" vasitəsilə həyata keçirirlər. Bu gün müxtəlif beynəlxalq hüquq-müdafiə təşkilatları, ABŞ-ın, onun Avropadakı müttəfiqlərinin beyin mərkəzləri və adi QHT-lər öz həqiqi məqsədlərini maskalayaraq guya insan hüquqlarının müdafiəsi, demokratik dəyərlərin və bazar iqtisadiyyatının təşkilati əsaslarının yayılması üçün bütün dünyada öz filiallarının nəhəng şəbəkəsini yaradıblar. Yeni tipli "beşinci kolon" rolunda çıxış edənlər də məhz onlardır. İnkişaf etməkdə olan ölkələrdə, xüsusən postsovet məkanındakı ölkələrdə göstərilən strukturlar həmin dövlətlərin qanunvericiliyi ilə hesablaşmadan işləyirlər. Bu təşkilatların əksəriyyəti Qərb dövlətlərinin hökumətlərindən birbaşa və ya xüsusi xidmətlərin formalaşdırdığı müxtəlif fondlar vasitəsilə çox böyük məbləğdə maliyyə dəstəyi alır. Maraqlıdır ki, Qərbin himayə etdiyi bu QHT-lərin maliyyə fəalliyyəti də şəffaf deyil, ictimai nəzarətə qapalıdır. "Sosial ədalət", "şəffaflıq", "demokratiya" tələb edən Qərbin özünün formalaşdırdığı "beşinci kolon"a daxil QHT-lərin korrupsiyalaşmış fəalliyyətinə göz yumması əcaib görünür. "Beşinci kolon" Qərbin əlində müstəqil dövlətlərin siyasətini yönləndirmə, onları idarəetmə mexanizmi kimi nəzərdə tutulur. Onların əsas məqsədi insan hüquqlarını, demokratiyanı qorumaq deyil, müstəqil dövlətləri güzəştlərə vadar etməkdir. Demokratiyanı bəşəriyyətin ali dəyəri kimi təqdim edən Qərb, özəlliklə də ABŞ əslində bu ad altında öz milli təhlükəsizliyinə uyğun siyasət aparır. Təsadüfi deyil ki, "ABŞ-ın sülh siyasəti" deyəndə indi "ABŞ-ın milli maraqları" nəzərdə tutulur. ABŞ-ın müxtəlif ölkələrdə yaradılmış insan hüquqlarını və demokratiyanı təbliğ edən təşkilatlara da dəstəyi məhz Amerikanın geosiyasi maraqları naminə edilir. Bəzən ABŞ-ın müxtəlif ölkələrdə yaratdığı "beşin kolon"a aid QHT-lər özləri də Qərbin siyasi alətinə çevrildiklərini bilmirlır. Onlar "demokratiya dəyərlərinin yayılması" anlayışı ilə pərdələnmiş böyük Amerika siyasətinin agentləri olduqlarını ağıllarına belə gətirmirlər. Azərbaycanda da "beşinci kolon" formalaşdırılıb. Xalq kütlələrini dağıdıcı aksiyalara, mitinqlərə onlar çağırır. Nyu-Yorkdan olan geosiyasi analitik Erik Drayserin fikrincə, ABŞ və onun müttəfiqləri Azərbaycanda vəziyyətin sabitliyini pozmaq məqsədilə "insan hüquqları", "vətəndaş cəmiyyətinin azadlığı" və "demokratiya" haqqında standart demoqoqluğa keçiblər. Seçki üzrə ixtisaslaşmış QHT rəhbəri Anar Məmmədli, "hüquq müdafiəçiləri" Leyla Yunus və digərləri ABŞ-ın formalaşdırdığı "beşinci kolon"a daxil olan şəxslərdir. Ukraynda qızılgül, Gürcüstanda məxməri inqilabı həyata keçirən ABŞ fondları "demokratiya inqilabı"nı, əslində isə dövlətin iflic edilməsi prosesini Azərbaycanda da həyata keçirmək istəyirlər. Son illər prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi, sosial və iqtisadi islahatlar nəticəsində əhalinin rihaf halı xeyli yaxşılaşıb, ölkədə demokratik mühit formalaşıb. Bu, Qərbin asılılığında olan radikal müxalifətin sosial bazasına olduqca böyük zərbə vurub. "Beşinci kolon" daxil olan AXCP və Müsavat partiyalarının keçirdiyi aksiyalar göstərir ki, radikal müxalifətin elektoratı ciddi şəkildə azalıb. Daxili ziddiyyətlər səbəbindən Müsavat partiyası müxalifətdə öz mövqeyini əhəmiyyətli şəkildə itirib. Bir neçə yerə parçalanan və Əli Kərimlinin rəhbərliyində ən radikal, dağıdıcı və pozucu gəncləri birləşdirən AXCP "beşinci kolon"un əsas güclərindən biridir. Bu partiyaya dövlətlər, hakimiyyəti dəyişik salanlar, xalqın yüzillərlə həsrətində olduğu milli dövləti qaralayanlar, ləkələyənlər toplaşıblar. AXCP sədri Əli Kərimlinin müxalifət, bütövlükdə cəmiyyət daxilində apardığı bölücülük, qarayaxma, pozuculuq işi hətta müxalifətçi yazarlarda da ikrah yaradıb. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və qələm dostları dəfələrlə Əli Kərimlinin dağıdıcı qaragüruh fəalliyyətini ifşa edib. Rauf bəyin "Əli Kərimli və onun partiyası sağalmaz xəstəliyə tutulub. Əli Kərimlinin və partiyasının - siyasi savadı, geridə qalmış, sivilizasiya və demokratik qaydalar haqqında elementar təsəvvürləri olmayan insanların hakimiyyətə gəlməsinə yol verməkdənsə, indiki iqtidarın mövcudluğunu qat-qat faydalı hesab edirəm" fikri radikal pozuculara verilən dəqiq qiymətdir. 20 illik zəngin müxalifət təcrübəsi olan Rauf Arifoğlunun AXCP-də baş verənlər haqqında analizi doğrudur. Son 2-3 ildə AXCP-ni bir sıra tanınmış şəxslər tərk edib. Bu günlərdə Sumqayıt təşkialtının 52 üzvü AXCP sıralarından istefa verib. Baş redaktor doğru olaraq yazır ki, bütün bu etirazlar AXCP sədrinin avtoritar idarəçiliyinə qarşıdır. 2000-ci ildən AXCP sədri postunu tutmuş (əslində o, partiyanı 1995-ci ildən idarə edir) Əli Kərimli istefa vermək fikrində deyil. Onu partiyada əvəz edəcək kimsə yoxdur. Partiyanı şəxsi obyekti kimi idarə edən Kərimli yerinə lider hazırlamağı ağlının ucundan belə keçirmir. "Yeni Müsavat" yazır ki, həbs edilən fəalların çoxu qurultayın keçirilməsini və sədrin dəyişdirilməsini tələb edənlərdir. Onların həbsdə qalması Kərimliyə sərf edir. Onların müdafiəsi adı ilə qrant alır, həm də partiyada narazılığı ört-basdır edir. AXCP sədrinin və özünə yaxın fəalların mediada və sosial şəbəkələrdə apardıqları radikal təbliğat, dövləti qaralama piarı da AXCP daxilində ziddiyyətiləri ört-basdır etmək, partiyanın "ana müxalifət" olduğu fikrini aşılamaq məqsədi güdür. AXCP fəallarının, "Azadlıq" radiosunda AXCP-nin funksioneri kimi fəalliyyət göstərən qərəzkar jurnalist Xədicə İsmayılın bütün can-fəşanlığı Əli Kərimli tərəfdarlarının artmasına kömək etmir. AXCP və onun sədri günü-gündən tərəfdarlarını itirir. Milli Şura adlanan qurumun keçirdiyi son mitinq də bunu təsdiq etdi. Aksiya radikal müxalifətin peşəkarlıq baxımından tamamilə yararsız olmasını göstərdi. Yenə az sayda adam, eyni şüarlar, bir-birinə oxşar çıxışlar, çeynənmiş, zəhlətökən sözlər. Ekspertlərin fikrincə, bu, radikalların sosial bazasının olmamasının və aqressivliyinin artmasının nəticəsidir. Fikrimizcə, AXCP, Müsavat və Qərbin əlində alətə çevrilmiş digər radikal ünsürlər Azərbaycan dövlətinə, hakimiyyətinə düşmənçilik, qərəzkarlıq, nifrət hissindən əl çəkmədikcə daha da zəifləyəcək və bu gedişlə siyasi səhnədən tamamən yox olacaqlar.


Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00