ATƏT Nazirlər Şurasının 21-ci iclası keçirilir
4 Dekabr 2014 15:26 Siyasətİsveçrənin Bazel şəhərində ATƏT Nazirlər Şurasının 21-ci iclası start götürüb. "OLAYLAR"-in xəbərinə görə, ATƏT üzvü olan 57 ölkənin xarici işlər nazirlərinin qatıldığı bu beynəlxalq tədbirdə ATƏT rəhbərliyi də iştirak edir. Rəsmi açılış hissəsindən sonra ilk söz Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova verilib. Tədbirdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bu dəfəki müzakirələrin gərgin keçəcəyini, əsas prioritet kimi ATƏT üzvü olan ölkələrin ərazi bütövlüyü məsələsinin olacağını bildirib:"ATƏT Nazirlər Şurasının 21-ci iclası gözlənildiyi kimi Ukrayna hadisələri üzərində qurulub. Əsas prioritet ATƏT coğrafiyasında sülh və firavanlığın, ölkələrin ərazi bütövlüyünün qorunub saxlanılmasıdır. Ukrayna üzərində daha çox çıxışların olacağı gözlənilir. Təbii ki, söhbət ərazi bütövlüyündən gedirsə, əsas diqqət Dağlıq Qarabağ konfliktinə də yönələcək. Təsadüfi deyil ki, ATƏT sədri cənab Didier Burkhalter tədbiri açıq elan edərkən Ukrayna ilə yanaşı Dağlıq Qarabağın da adını çəkdi. Bu, Dağlıq Qarabağ konfliktinin, dolayısıyla, Azərbaycanın ərazi bütövlüyünün ATƏT Nazirlər Şurasının bu dəfəki iclasının gündəliyində olan məsələlərdən olduğunu göstərir."