ADP rəsmisindən cəbhəçilərə mesaj

“Küçə uşağı kimi söyüş söyəcəksinizsə bunun üçün sosial şəbəkəyə ehtiyac yoxdur”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun AXCP-ni tənqid etməsi cəbhəçilər tərəfindən ciddi etiraza səbəb olub. Hətta cəbhəçilər sosial şəbəkələrdə ADP sədrini təhqir etməkdən belə çəkinməyiblər. "OLAYLAR"-ın xəbərinə görə, məsələyə münasibət bildirən ADP-nin sədr müavini Həsrət Rüstəmov bildirib ki, söyüş söymək, həm də bunu yersiz və şəxsiyyətini təhqir etmək istədiyin adamın xəbəri olmadan, eşidib görmədiyi bir yerdə həyata keçirmək nəinki qəhrəmanlıq deyil, insanlıqdan uzaq bir şeydir: "Bizim kənddə yalnız qanmaz uşaqlar onları hansısa ciddi səbəbdən şilləyə qonaq edən böyüklər gedəndən sonra, öz yaşıdları arasında şeşələnmək üçün söyərdilər. Söyüşçülərin bir neçəsinin profilinə baxdım, "uşaq" olsalar da yaşları kifayət qədərdir ki, əməllərinin heç də kişiyə yaraşmadığını qansınlar. Mənim sizə bir sözüm var. Əgər siyasəti və qəzetçiliyi peşə seçmisinizsə bir kənara boylanın, baxın, görün dünyada bu işləri necə görürlər. Yox küçə uşağı kimi söyüş söyəcəksinizsə bunun üçün sosial şəbəkəyə ehtiyac yoxdur, bir zibilliyə çəkilin və ürəyiniz istədiyi qədər kimi istəyirsiniz söyün. Bir də ki, 40-nı keçirmiş bir insan kimi deyirəm: yaşca və vəzifəcə böyüklərin işinə qarışmayın. Bu ən yaxşı halda rəhbərinizə yaltaqlıq kimi görünür. Sərdar bəyin qaldırdığı məsələ siyasi məsələdir, konteksdən çıxarıb təhqir kimi qəbul edib, sonra da küçə söyüşləri söyməkdənsə, bir ağıllı adam tapın cavab versin. Məsələn desin ki, biz (yəni siz) Sərdar Cəlaloğlunun dediyi məsələlərlə məşğul deyilik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00