Mübariz Əhmədoğlu: İndiki "soyuq müharibə"nin müəllifi Putindir və bir müddət davam edəcək
3 Dekabr 2014 16:09 Siyasət"Soyuq müharibə"nin yenidən başlaması barədə şərhlərin sayı artıb. ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların effektsiz olduğunu düşünür. Keçmiş, təcrübəli siyasətçilər Qərbin Rusiyaya qarşı mübarizə aparmasının əleyhinədirlər. ABŞ-ın keçmiş dövlət katibi Henri Kisincerin və Almaniyanın keçmiş federal kansleri Helmut Kolun fikirləri buna misaldır. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Politoloqun sözlərinə görə, hər iki siyasətçi "soyuq müharibə" dövrünün ən aktiv xadimlərindəndir: "Avropa dövlətlərinin indi fəaliyyətdə olan rəhbərlərinin və xarici işlər nazirlərinin bir çoxu da sanksiyaları əhəmiyyətsiz hesab edir. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali təmsilçisi F.Moqerini də Rusiyanı Avropanın strateji müttəfiqi hesab etmir, amma onun strateji dövlət olması ilə razılaşır, Aİ ilə Rusiya arasında münasibətlərin yenidən yüklənməsini təklif edir. Rəsmi Kiyevə Donbassa xüsusi status verilməsini məsləhət bilir". M.Əhmədoğlu hesab edir ki, indiki "soyuq müharibə" Rusiya Prezidenti Vladimir Putinin müəllifliyi ilə yaranıb və bir müddət davam edəcək: "İndi Rusiyanın strateji aviasiyası ABŞ və digər NATO dövlətlərinin hava sərhədlərinə yaxınlaşır. ABŞ Dövlət Departamenti, eləcə də NATO rəsmiləri Rusiya strateji aviasiya dəstəsinin onların sərhədlərinə yaxınlaşmasından dəfələrlə narazılıqlarını bildiriblər. Hətta bəzi hallarda NATO qırıcı təyyarələri Rusiyanın hərbi aviasiyasına hücumlar da ediblər. Rusiya ABŞ və NATO-nun hava sərhədini pozmadığını bildirir və strateji aviasiyasının beynəlxalq neytral ərazilərdə uçduğunu bildirir. Hərbi dəniz donanması ilə də bağlı vəziyyət belədir. Norveç, İsveç, eləcə də Baltikyanı dövlətlər tez-tez özlərinin sərhəd sularında RF-nin sualtı qayıqlarını müşahidə etdiklərini bəyan edirlər. Hücumlar da təşkil ediblər. RF-nin cavabı da bəllidir. V.Putin strateji aviasiyasını və hərbi dəniz donanmasını aktivləşdirməklə "soyuq müharibə"ni ritorikadan real məzmunlu müstəviyə keçirdi".
O, qeyd edib ki, hərbi elementlər "soyuq müharibə"nin həmişə ən aparıcı elementi olub: "İndi Putin hərbi aktivliyi yaratmaqla Qərbə öz gücünü nümayiş etdirir. ABŞ və NATO üzvlərinin hava və su sərhədlərinin yaxınlığında manevrlər etməklə Rusiya ilə bağlı NATO məkanında böyük psixoloji və geosiyasi dönüş yaratmaq niyyətindədir. Lakin bu hərbi addımların iqtisadi mahiyyəti də var. Qərb Rusiyaya iqtisadi sanksiya tətbiq edib, Rusiya Qərbə qarşı təsirli iqtisadi sanksiya tətbiq etmək imkanında deyil. Amma V.Putin NATO dövlətlərinin büdcəsində problem yarada bilər. SSRİ dağıldıqdan sonra NATO-ya üzv dövlətlər hərbi büdcələrinə elə də diqqət vermirdilər. Təhlükəsiz şəraitdə yaşayan NATO dövlətləri hərbi sahəyə ayırdıqları vəsaiti sosial-iqtisadi həyatın digər sahələrinə ayırırdılar. İndi Rusiya bu dövlətlərə real təhlükə yaradır. Rusiya hərbi faktoru hətta bəzi NATO dövlətlərinin daxilində siyasi kampaniyalara təsir edə bilər. NATO-ya üzv dövlətlərin Rusiyadan qorunmasının ən səmərəli variantı indiki halda öz hərbi bazalarını, texnikalarını təkmilləşdirməkdən keçir. Bu, külli miqdarda əlavə xərc deməkdir. NATO-ya üzv dövlətlər büdcənin digər hissəsindən vəsaiti azaldıb hərbi hissəsini artırmağa məcburdurlar. Əgər Qərb Rusiyanı ac qalmağa təhrik edirsə, Rusiya da bu variantla həmin dövlətlərin daxilində sosial iqtisadi problem yarada bilir".
Politoloq bildirib ki, Rusiya neft qiymətlərinin ucuzlaşmasına qarşı siyasət aparmağa başlayıb: "Qərbin büdcəsini problemli etmək istiqamətində fəaliyyət göstərən Rusiya öz büdcəsində problemləri azaltmaqla da məşğul olmağa başlayıb. ABŞ-ın neft qiymətinin dempinqi siyasətində ən əsas vasitəsi Səudiyyə Ərəbistanıdır. Səudiyyə Ərəbistanı RF ilə dialoq simulyasiyası yaratdı. Ukrayna məsələsində Rusiya aydın şəkildə şərtlərini təqdim etdi. Əvvəlki şərtlərinə (yeni konstitusiyasının qəbulu, Ukraynanın federallaşması, rus dilinə ikinci dövlət dili statusunun verilməsi və s.) daha biri əlavə olundu: Ukrayna NATO-ya üzv olmayacağı ilə bağlı konstitusion öhdəlik götürməlidir. Bu isə vəziyyəti tam tərsinə dəyişir. ABŞ Dövlət Departamenti Ukraynaya hərbi yardım etməyin mümkünlüyü barədə məlumatı dövriyyəyə buraxdı. ABŞ-ın vitse-prezidenti C.Bayden Kiyevdə olarkən hərbi yardım edəcəklərini bildirdi. NATO-nun mütəxəssisləri Ukraynanın hərbi yardıma ehtiyacını öyrənmək məqsədilə Ukraynaya səfərə gəldilər". M.Əhmədoğlu əlavə edib ki, İran uğrunda mübarizənin kəskinləşməsi də "soyuq müharibə"nin başlanğıcının mühüm elementlərindəndir. Onun sözlərinə görə, ABŞ və Rusiya özlərinin tərəfdaşlarının sayını artırırlar. İranın rolu həlledicidir. Rusiya və ABŞ hər ikisi İranı özünə tərəf çəkmək üçün qulluq göstərməyə başlayıblar. Belə vəziyyət İranın çoxdan arzuladığı haldır: "İran hər ikisinə yox cavabı verdi. "Soyuq müharibə" ciddi geosiyasi müstəvi ilə yanaşı, şəxsi münasibətləri də əhatə etməkdədir. Ötən ay V.Putini ad günü münasibətilə təbrik etməyən Qərb liderləri Avstraliyada keçirilən G20 sammitində Putinə qarşı əməlli-başlı psixoloji təzyiq kampaniyası həyata keçirdilər. "Reuters" agentliyi Putini G20-nin sammitini yarımçıq tərk etməyə hazırlaşdığı barədə məlumat yaydı. Putin G20-nin sammitində axıra qədər qala bilmədi. Amma G20-nin bütün rəsmi prosedurlarında iştirak etdi. Ona görə də kim istəsə Putinin G20 sammitini yarımçıq tərk etdiyini iddia edə bilər. Putinsevərlər isə Putinin sammitin işində sonadək iştirak etdiyini sübut edə bilərlər".
M.Əhmədoğlunun fikrincə, şəxsi prizmadan digər məsələ də diqqətə çarpır: "V.Putin Asiya-Sakit okean hövzəsi ölkələrinin sammitində Çinin birinci xanımının üstünə şal örtdü. Sanki Putin özü ilə qadın şalı gəzdirirmiş. Dünya mətbuatı bunu V.Putinin Çin xalqının heysiyyətınə toxunması, diplomatik etiketi başdan-ayağa pozması kimi təqdim etsələr də, rəsmi Pekin heç bir reaksiya vermədi. Ehtimal ki, Çində belə şeylərə alışıblar, bəlkə də özləri bilərəkdən belə vəziyyət yaradıblar".