Elxan Süleymanovdan Martin Şultsa sərt ittihamlar
“Problemin həllinin məsuliyyətini təcavüzkar Ermənistan və təcavüzə məruz qalan Azərbaycan tərəflərinin üzərinə atmısınız”
3 Dekabr 2014 15:50 SiyasətAvronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa müraciət edib. O, müraciətdə Şultsa ünvanladığı 3 müraciətin yalnız 1-nə cavab verdiyinə diqqət çəkib: "Sizin sükutunuz yalnız Azərbaycana qarşı qərəzli münasibətinizi göstərir, əsassız ittihamlarınız isə vəzifənizin obyektivliyinə kölgə salır. Sizin bu təqdimat mərasimində dediklərinizdən sitat gətirirəm: "Avropa Parlamenti Azərbaycan rejimini səhhəti gündən-günə pisləşən bu günahsız xanımı dərhal azad etməyə çağırır. Göründüyü kimi, müstəqil dövlət olan Azərbaycanın məhkəmə sisteminin müstəqilliyini və kompetentliyini şübhə altına alaraq, bu "günahsız xanımın" həbsinin qanuniliyini şübhə altına alırsınız. Bu azmış kimi, Siz onu dərhal azad etməyə çağırırsınız və bu zaman Siz hər hansı hüquqi mexanizmlərdən istifadə edilməsini diqqətə belə çatdırmırsınız. Beləliklə, Sizin üçün Azərbaycan timsalında məhkəmələrin qərarına hörmətsizlik normaya çevrilib, bu ölkəyə gəldikdə hüququn aliliyi prinsipinə əməl edilməsi əhəmiyyət kəsb etmir. Bu isə son nəticədə tək bəyan edilmiş Avropa dəyərlərinə deyil, başlıca olaraq Azərbaycan Respublikasına hörmətsizliyin nümayişi anlamına gəlir" - deyə Elxan Süleymanov qeyd edib. Daha sonra E.Süleymanov Martin Şultusu Azərbaycanın ərazi bütövlüyünə hörmət etməməkdə ittiham edib: "Siz Azərbaycanın haqlı tələblərinə və şəxsən mənim Avronest PA-nın vitse-prezidenti və Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Sizə ünvanladığım müraciətlərimə cavab vermirsiniz və hətta bir çox hallarda oxumadan cavablandırırsınız. Misal olaraq 17 oktyabr 2012-ci il tarixli cavabınızı göstərə bilərəm. Cavabınızdan sitatı qeyd edirəm: "Ümid edirəm ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağa dair mürəkkəb münaqişələrini aradan qaldıracaq". Siz bu fikirləri ifadə edərkən Azərbaycan ərazilərinin Ermənistanın hərbi işğalından mövcud beynəlxalq hüquq normaları çərçivəsində azad edilməsinin vacibliyini sadəcə olaraq unutmusunuz və ya unutmaq istəmisiniz. Siz işğalın aradan qaldırılmasından ümumiyyətlə danışmaq belə istəməmisiniz, bu problemin həllinin məsuliyyətini təcavüzkar Ermənistan və təcavüzə məruz qalan Azərbaycan tərəflərinin üzərinə atmısınız, bununla da beynəlxalq təşkilatların, o cümlədən Avropa Parlamentinin bu məsələyə biganə yanaşdığını bir daha təsdiq etmisiniz". ("OLAYLAR" İA)