Müsavat:narazılar geri çəkildi
Vurğun Əyyub son həmləyə keçək üçün, kölgəyə çəkilir
3 Dekabr 2014 15:39 SiyasətMüsavat Partiyasının üzvü, bu təşkilatın başqanlığına sabiq namizəd Qubad İbadoğlu tərəfdarları ilə birgə yeni hərəkatın yarandığını elan edib. "Azərbaycan Demokratiya və Rifah" hərəkatı adlanan qurumun məqsədi Azərbaycanda etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarını və yüksək rifahını təmin edəcək azad, demokratik cəmiyyətin və hüquqi dövlətin qurulmasına töhfə verməkdir. Qarşısına Qarabağın işğaldan azad olunması, demokratik islahatlar və s. kimi məqsədlər qoymuş hərəkatın tərkibinə aşağıdakı şəxslər daxildir: Qubad İbadoğlu, Vurğun Əyyub, Adil Qeybulla, İbrahim İbrahimli, Ellada Məmmədli, Səxavət Əlisoy, Məlahət Mürşüdlü, Ədalət Yusifov, Əhliman Abbas, Taleh Əliyev, Rafiq Abdullalı, İsmayıl Yusifov. Bir sıra siyasi təhlilçilər bu faktı Müsavatın parçalanması kimi təqdim edirlər. Əslində isə bu parçalanma deyil. Yeni hərəkatın yaranması narazıların Arif Hacılıya güzəşti və müvəqqəti geri çəkilməsi kimi xarakterizə oluna bilər. Əvvəla, parçalanma olsaydı, narazılar fövqəladə qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi və ya alternativ məclis yaradardılar. İkincisi, hərəkatda müsavatçılarla yanaşı, sabiq müsavatçılar, klassik cəbhəçilər, hətta ümidçi də var. Deməli, bu hərəkatın yaranması təkcə Müsavatdaxili hadisə deyil. Görünür, Müsavat rəhbərliyinin sərt cəza tədbirləri narazıları qorxuya salıb, onlar bir müddət fasilə vermək qərarına gəliblər. Narazılar o cür sərt tənqidləri davam etdirsəydilər, Arif Hacılı onları bir-bir partiyadan çıxaracaqdı. Artıq Səxavət Əlisoy partiyadan çıxarılıb, Əhliman Abbas, Hikmət Hacızadə, Əlövsət Talışxanov özü gediblər. Növbədə Vurğun Əyyub, Qubad İbadoğlu vardı. Bu hərəkatın elan olunmasından öncə Müsavat başqanı Arif Hacılı Qubad İbadoğlu ilə görüşüb. Görüşdən sonra mediaya verdiyi açıqlamada İbadoğlu partiyadan çıxarılanların məsələsini müzakirə etdiklərini və bu məsələdə israrlı olduğunu deyib. Maraqlıdır ki, bu görüş Müsavat rəhbərliyinin narazıların başında əslində Vurğun Əyyubun dayandığını elan etdikləri vaxta təsadüf edir. Görünən odur ki, narazılar yenidən Qubad İbadoğlunu qabağa verməklə savaşa fasilə vermək qərarına gəliblər. Çünki Arif Hacılı və tərəfdarları Rauf Arifoğlunun informasiya dəstəyi ilə narazıları "bölücü", "xəyanətkar" kimi təqdim edə bilmişdi. Artıq rayon təşkilatları narazılardan uzaq durmağa başlamışdlar. Görünür, narazılar yeni hərəkat yaratmaqla bir müddət gündəmdən kənarda qalmaq, partiya daxilində mövqelərini bir az da möhkəmləndirmək, tərəfdarlarını artırmaq və son həmləyə hazırlaşmaq qərarına gəliblər. Bu müddət ərzində onlar partiyadan çıxarılanların geri qaytarılmasına nail olmağa çalışacaqlar. Vurğun Əyyub partiya qərargahına gələcək, toplantılara qatılacaq. Tərəfdarların sayı artdıqdan sonra narazılar son zərbəni vuaracaq, Müsavatdan ayrılacaqlar.
Ərhun Abbas