“Dağlıq Qarabağ münaqişəsinə dair razılaşmanın əlamətləri görünmür”

Akif Nağı: “Bölgələrdəki situasiyalara nəzarəti saxlamaq üçün böyük güclər üçün ən optimal variant münaqişələrin həllini uzatmaqdır”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı rusiyalı keçmiş deputat Sergey Markovun  "Tərəflər Moskvanın çağırışı üzrə Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə nizama salmağa razılaşıblar" iddiasına cavab verib. "Olaylar"-a açıqlamasında A.Nağı hesab edir ki, zaman-zaman Rusiyanın müxtəlif siyasi dairələrindən belə fikirlər səsləndirilib. Markovun Rusiya hakimiyyətinə yaxın adam olduğunu deyən QAT sədrinin sözlərinə görə, federasiyada fəaliyyət göstərən müəyyən siyasi icmalçılar həmişə Kremlin mövqelərini ortaya atıb, bu fikirlərə tərəflərin reaksiyalarını yoxlayırlar: "Prezident İlham Əliyev Rusiya telekanalına son müsahibəsində də bildirdi ki, Ermənistan heç bir halda hansısa bir variantla razılaşmır. İrəvan normal situasiyalarda belə onu pozmaq üçün həmişə təxribata gedir. Dövlət başçısı buna cəbhə xəttində helikopterin Azərbaycan hərbçisi tərəfindən vurulmasından sonra Ermənistanın hərbi təlimlərə başlamasını misal göstərdi. Əgər Ermənistan həqiqətən həllə nail olmaq istəyirsə, bu nə deməkdir? Düşmən ölkənin işğal altında olan Azərbaycan ərazilərində 40-50 minlik şəxsi heyətlə təlimlər keçirməsi Ermənistanın əsl mahiyyətini ortaya qoyur. Yəni ki, belə bir vəziyyətdə istənilən şəxs hansısa bir iddianı irəli sürə bilər. Reallıq isə odur ki, hazırda Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinə dair razılaşmanın əlamətləri görünmür. Ermənistan hələ də barışmaz tərəf mövqeyində qalır. Heç bir halda mövcud situasiyadan azad olunmaqda maraqlı görünmür. Ona görə də Sergey Markovun iddiaları o qədər də inandırıcı görünmür". Akif Nağı hesab edir ki, məsələnin həlli birmənalı şəkildə Rusiyadan asılıdır. O, Rusiyanın hələlik mövcud vəziyyətin saxlanılmasında maraqlı olduğunu deyib. "Hegemon güclər həmişə dünyanı münaqişələr vasitəsilə idarə etməyə çalışırlar. Bölgələrdəki situasiyalara nəzarəti saxlamaq üçün böyük güclər üçün ən optimal variant münaqişələrin həllini uzatmaqdır. Rusiya da bu baxımdan Dağlıq Qarabağ məsələsinin həllinin uzanmasında maraqlıdır" - deyə QAT sədri qeyd edib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00