Vurğun Əyyub partiya yaradır
Tovuz qruplaşması onun arxasındadır, Müsavatı digər tanınmış simalar da tərk edəcək
1 Dekabr 2014 16:02 SiyasətMüsavat Partiyasında qurultaydan sonra yaranmış böhran istiqamətini dəyişir. Əgər qurutayda və ondan sonrakı günlərdə narazılar başqanlığa əsas aday Qubad İbadoğluna qarşı ədalətsizlik edildiyini iddia edir, əsas tələb kimi nəticələrini ləğvini qoyurdularsa, bu gün artıq narazı qrupun əaas lideri dəyişib. İndi narazılar tamam başqa bir insanın ətrafında təmərküzləşirlər. Qubad İbadoğlu artıq onların lideri deyil. Narazı qrupun lideri uzun illər partiya başqanının birinci müavini postunda çalışmış Vurğun Əyyubdur. Narazıların artıq hədəfləri də müəyyən olunub. Heç bir halda Müsavat başqanı Arif Hacılının başqanlığını qəbul etməmək və rəhbərliyə tabe olmamaq! Arif Hacılını qəbul etməyən sabiq başqan müşaviri Səxavət Əlisoy partiyadan çıxarılsa da, digərləri haqqında bu qərarı çıxarmağa cəsarət etmirlər. Partiyanın Qadınlar Təşkilatının sədri Ellada Məmmədli mətbuata bildirib ki, partiyadan xaricetmə qərarını Vurğun Əyyuba da tətbiq etməyə çalışırlar. Ancaq müşahidələr göstərir ki, bu qərarın heç bir effekti olmayacaq. Müsavatda mənəvi parçalanma artıq reallaşıb! Vurğun Əyyub və onun dəstəkləyən Tovuz qruplaşması Müsavatdan getməyi qarşısına məqsəd qoyub. Böyük ehtimalla, ad uğrunda savaş olmayacaq. AXCP-də baş verən parçalanma zamanı ad uğrunda savaşın hansı mənəvi aşınmalara səbəb olduğunu gözəl bilən Vurğun Əyyub çətin buna getsin. Həm də Müsavat adı uğrunda savaş olsaydı, Tovuz rayon təşkilatının partiyadan getməsinə göz yumulmazdı. Ancaq alternativ strukturlar-Məclis yaradıla, yeni qurultaya gedilə bilər. Yəqin ki, yaxın günlərdə (çünki bu işi gecikdirmək Arif Hacılının xeyrinə işləyə bilər) Vurğun Əyyubun tərəfdarları Məclisin toplantısını keçirəcəklər. Məclis fövqəladə qurultay üzrə Təşkilat Komitəsi yaradaraq gələn ilin mart və ya aprel ayına fövqəladə qurultay təyin edəcək. Həmin qurultayda Vurğun Əyyubun partiyası elan olunacaq. Göründüyü kimi yeni partiyada Qubad İbadoğlu lider olmayacaq. Çünki narazılar hesab edir ki, o, Arif Hacılıya qarşı effektli mübarizə aparmayıb. Böyük ehtimalla, "müsavat" adını özündə saxlayacaq (yeni partiya Milli Müsavat, Demokratik Müsavat adlana bilər) partiyanın başqanı Vurğun Əyyub olacaq. Yəqin ki, partiyanın məclisinə Hikmət Hacızadə sədr təyin olunacaq. Vurğun Əyyubun partiyasında Səxavət Əlisoy, Müsavatdan istefa verməyə hazırlaşan Mehman Cavadoğlu kimi Müsavat funksionerləri də təmsil olunacaqlar. Yeni partiyada əsas postlardan birini "Qara Tofiq" ləqəbli Tofiq Hüseynov tutacaq. Müsavatı tərk etmiş Nəsib Nəsibli, Abbas Abdulla, Məmməd İsmayıl kimi fiqurların da Vurğun Əyyubun partiyasında yer alacağı gözlənilir. Yeni partiya yaradılması gələn ilki parlament seçkilərinə hesablanıb və buna görə də yaz aylarına qədər siyasi arenaya çıxmalıdır. Vurğun Əyyubun yeni partiyası Müsavat Partiyasının sosial bazası üçün böyük itkilər yaradacaq. Müsavat Qərb bölgəsi hərakatçılarının dəstəyindən məhrum olacaq.
Ərhun Abbas