Yerevanın yaxın-uzaq hədəfləri

Elman Nəsirov: “Ermənistanın bu ambisiyalarının reallaşma əmsalı sıfra bərabərdir”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu 20 ildən artıqdır ki, bu istiqamətdə fəaliyyət göstərməsinə baxmayaraq heç bir irəliləyişə nail olmur. Əksinə hər ötən il problemin həlli bir qədər də dalana dirənir. Bəs görəsən Minsk qrupunun bu fəaliyyətsizliyi nədən irəli gəlir və bu amil nə dərəcədə Ermənistanın xeyrinə işləyir?

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru Elman Nəsirov deyib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri arasında əsası 1999-cu ildə qoyulmuş danışıqlar formatında 50-ci "yubiley" görüş bu ilin 27 oktyabr tarixində Parisdə baş tutdu: "Bu format çərçivəsində təmasların dinamikasını izləsək, görərik ki, Ermənistan əslində qalxma trayektoriyası ilə özünün qeyri-konstruktiv mövqeyini və görüşlərdən maksimum yaynmaq taktikasını həmsədrlərə sırımaqda davam edib. Belə ki, 1999-2002-ci illərdə orta hesabla həmsədrlər 6-7 dəfə prezidentlər səviyyəsində görüşlərin keçirilməsinə nail olurdularsa, sonrakı illərdə bu prosesdə  enmə xətti müşayiət olunub. Daha dəqiq desək, 2002-ci ildə prezidentlərin 3, 2003-cü ildə 1, 2004-cü ildə 2, 2005-ci ildə 2, 2006-cı ildə, 3, 2007-ci ildə 1, 2008-ci ildə 2,2010-cu ildə 3, 2011-ci ildə 2, 2012-ci ildə 1, 2013-cü ildə də 1 görüşü baş tutub. Bu ilin avqustunda Soçidə, sentyabr ayında Nyuportda və oktyabr ayında Parisdə prezidentlər səviyyəsində təşkil olunan təmaslar da nəticə baxımından əvvəlki 47 görüşdən fərqlənməyib. Necə deyərlər, "köhnə hamam, köhnə tas". Elman Nəsirovun sözlərinə görə, Ermənistan nəticəsiz danışıqlar taktikasını yeritməklə minimum 2 məsələni, maksimum isə 1 məsələni öz xeyrinə həll etmək istəyir: "Birinci minimum məsələ -Ermənistanı qondarma "DQR"-i münaqişənin tənzimlənməsi üzrə danışıqların tam və bərabərhüquqlu üzvü etmək istəyir. Danışıqların nəticəsizliyini də guya ki, bu amilin nəzərə alınmamasında görür və həmsədrlərə də bu istiqamətdə təsir göstərməyə çalışır. Eyni amildən çıxış edərək danışıqların baş tutmamasının məsuliyyətini Azərbaycanın üzərinə qoymağa səy göstərir.

İkinci minimum məsələ- separatçı rejimin ilkin olaraq beynəlxalq birliyin "cırtdan" dövlətləri tərəfindən tanınmasına nail olmaqdan və bununla da məlum prosesdə presedentin yaranmasını təmin etməkdən ibarətdir. Bu istiqamətdə Ermənistanın Latın Amerikası və Okean ölkələri ilə müəyyən təmaslar qurduğu haqqında məlumatlar hələ 2012-ci ilin oktyabr ayında Türkiyənin nüfuzlu "Hürriyyət" qəzetində yer almışdı. Bu baxımdan Ermənistanın 2012-ci ilin mart ayında kiçik ada dövlətləri Vanuatu, Nauru və Palau ilə diplomatik münasibətlər qurması uzağagedən məqsədlərdən xəbər verir. Ermənistan həmin dövlətlərin qondarma "erməni soyqırımı"nın 100 illiyi ərəfəsində 2 tanınma aktına imza atmasına nail olmaq istəyir. Başqa sözlə, söhbət sözügedən "çırtdan" dövlətlər tərəfindən məhz 2015-ci ildə həm qondarma "erməni soyqırımı"nın, həm də qondarma "DQR"-ın tanımasından gedir. Yalnız bundan sonra Ermənistanın analoji addım atması proqnozlaşdırılır. Ermənistan parlamentində hər dəfə separatçı rejimin tanınmasının təxirə salınması, əsasən, bu amillə izah edilir". Politoloq deyir ki, maksimum məsələ- yuxarıda sadalanan minimum vəzifələrin yerinə yetirilməsindən sonra qondrama "DQR"-in Ermənistana birləşdirilməsinə nail olmağı özündə ehtiva edir: "Bu bir həqiqətdir ki, Ermənistanın bu ambisiyalarının reallaşma əmsalı sıfra bərabərdir. Prezident İlham Əliyevin avqustun 28-də Füzuli rayonuna (Horadizə) səfəri zamanı Azərbaycanın münaqişənin həlli ilə bağlı danışıqlar prosesində mövqeyini gücləndirən, Ermənistanın isə mövqeyinin zəifləməsini şərtləndirən amillərə diqqəti cəlb edərək bildirdiyi fikirlər həmin həqiqəti bir daha təsdiqləmişdir. Sonda onu da xüsusi olaraq qeyd edək ki, Ermənistanın yuxarıda sadalan və digər qeyri-konstruktiv addımlarına baxmayaraq, Azərbaycan tərəfinin münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Həmin mövqe Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib. Həmin mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın ermənilərinə respublikamızın hüdüdları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir".


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00