“Biz necə münasibət görürük, elə münasibət də sərgiləməliyik”
28 Noyabr 2014 13:47 SiyasətMilli Məclisin sessiyası öz işinə başlayıb. Avropa Parlamentinin deputatı Şultsun Leyla Yunusla bağlı fikirlərini spiker Oqtay Əsədov əsassız sayıb. O deyib ki, ilk növbədə öz daxillərinə baxsınlar: "Avropa İttifaqının daxilindəki dövlətlərə baxsınlar. Orada olan diskriminasiyaya, miqrantlara münasibətə, başqa ölkələrdə polislərin apardığı qəddarlığa baxsınlar. Bu məsələdə heç bir münasibət bildirmirlər. Bunların başqa işləri-gücləri yoxdur? Avropa bir neçə müsəlman ölkəsinə bütün diqqətini yönəldib, onlara qarşı şərləmə işi ilə məşğuldur". Spiker deyib ki, onlar artıq siyasi mədəniyyətdən başqa açıq şəkildə yalan danışmağa başlayıblar: "Cənab Şults deyir ki, Azərbaycan dövlətinə müraciət edib ki, Leyla Yunusla əlaqədar parlament qrupu gəlsin Azərbaycana, amma bu məlumat tam yalandır. Nə Milli Məclisə, nə də Azərbaycan hökumətinə heç bir müraciət olmayıb. Hətta, bizdə olan məlumata görə, heç bir qrup da təşkil edə bilməyiblər. Avropa Parlamentinin iclasında belə açıq yalan danışmaq heç bir siyasi xadimə hörmət gətirmir. Biz də necə münasibət görürük, elə də münasibət sərgiləməliyik, soyuq münasibət-soyuq münasibət. Biz ha çalışırıq ki, Avropa Parlamenti ilə əlaqələrimizi yüksək səviyyədə quraq, çünki, bizim bu təşkilatla iki tərəfli əməkdaşlıq təşkilatımız var. Belə ki, bizim deputatlar AP-nin tədbirlərinə tam şəkildə gedirlər, Azərbaycanda toplantı keçiririk, 35 üzvdən 2-3 nəfəri gəlir. Belə barmaqarası münasibətə biz də barmaqarası münasibət göstərməliyik".