Cənubi Qafqaz yeni qarşıdurmalar meydanına çevrilə bilər

"Azərbaycan dövlətinin siyasətində başlıca məqam Ermənistanın işğalının aradan qaldırılması və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasıdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına müsahibəsində  Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva səsləndirib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir: "Amma  mövcud vəziyyət regional təhlükəsizliyə ciddi təhdid olmaqla bərabər, bölgədə yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına əngəl yaradır. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki, ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktı və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür". Sevinc Fətəliyeva deyib ki, münaqişənin həlli prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu da fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artırmalı və problemin həlli istiqamətində hüquqi norma və qaydalarla təsbit edilmiş effektiv metodlara baş vurmalıdır: "Əks təqdirdə, Cənubi Qafqaz yeni qarşıdurmalar meydanına çevrilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00