Arif Hacılı Müsavatı uçuruma aparır
Tərəflər son döyüşə hazırlaşır
27 Noyabr 2014 15:10 SiyasətMüsavat Partiyasında gərginlik davam edir. Partiya fəallarının ümumrespublika müşavirəsindən sonra böhranın aradan qalxacağı proqnozlaşdırılırsa da bu, özünü doğrultmadı. Əksinə narazılıq daha da alovlanmaqdadır. Tərəflər son döyüşə hazırlaşırlar. Son müşavirədə Vurğun Əyyubla Qubad İbadoğlunun bir-birindən ayrıldığı təsəvvürü yaranmışdı. Lakin İsa Qəmbəri qardaşı Rövşən Qəmbərin sərt açıqlaması narazıların sıralarını daha da sıxlaşdırıb, onları mübarizəyə ümidləndirib. Arif Hacılı və ona açıq dəstəyini ifadə etmiş İsa Qəmbər mitinqə hazırlaşırlar. Müsavat rəhbərliyi mitinq məsələsini ortaya atmaqla diqqəti daxili məsələlərdən yayındırmaq istəyir. Ancaq daxili müxalifətin, AXCP yanlı medianın, bloqqerlərin apardığı əks-təbliğat Müsavat rəhbərliyinin bu taktikasının uğurunu kölgələyir. Yəqin ki, Hacılının mitinqi effektli alınmayacaq. Əvvəla, o bu mitinqə bütün müsavatçıları səfərbər edə bilməyəcək. Çünki qurultaydan sonra Müsavatdan qopmalar artan xəttlə davam edir. Bu günlərdə Hikmət Hacızadənin istefasına etiraz edən Müsavat Zəngilan təşkilatının sədri də partiyadan gedib. Müsavatın Tovuz təşkilatı tam tərkibdə buraxılıb. Yeni şöbə yaradılmayıb. Gedənlər Arif Hacılını avtoritarizmə meylənməkdə suçlandırır, onun yönətimini qəbul etmirlər. Başqanlığa sabiq namizəd Tural Abbaslı da deyib ki, o Qubad İbadoğlunun tərəfdarı deyil, ancaq Arif Hacılını da qəbul etmir. Göründüyü kimi, əsas məsələ qurultayda qanun pozuntusuna yol verilməsi, nizamnamənin pozulması, saxtakarlıq və s. məsələlər deyil. Müsavatçıların çoxu Arif Hacılının özünü qəbul etmirlər. Və bu da partiyada çoxlu qopmalara yol açıb. Açığı, heç kim işlərin bu cür gedəcəyini gözləmirdi. Hesab olunurdu ki, AXCP-də olduğu kimi Müsavatda da narazılar öncə partiyanın adına iddia edəcək, sonra yeni qurultay keçirib özlərinə yeni ad götürəcəklər. Ancaq Müsavatda proses buna bənzəmir. Son müşavirədə İsa Qəmbər də narazılara "kim istəyir, getsin, qalan qalsın" mesajını verdi. Ancaq Müsavatdakı narazılar asanlıqla gedənə oxşamırlar. Bu prosesin gələn il parlament seçkilərinə qədər uzanacağı gözlənilir. Narazıların belə tezliklə alternativ qurumlar yaradacağı gözlənilmir. Əslinə qalanda Müsavatda əsəb müharibəsi gedir. Bu müharibədə uduzan savaşı uduzacaq. Narazılar şikayətlə bütün qurumlara müraciət edəcək, bütün instansiyalardan keçəndən sonra alternativ qurum-Məclis yaradacaqlar. Bunun əskini edib, tələssələr, tora düşəcək, ictimai rəyi uduzmuş olacaqlar. Arif Hacılı xarakterinə uyğun olaraq əsəbi, çılğın qərarlar çıxararsa, prosesi uduzacaq. Narazıların əsas başçılarını cəzalandırmaq, onları partiyadan uzaqlaşdırma əks-effekt verir. Ortada Səxavət Əlisoy nümunəsi var. Bu adamı partiyadan çıxarıblar, ancaq o, özünü müsavatçı sayır, Qubad İbadoğlunun yanındadır. Hikmət Hacızadənin istefa qərarı əyalət müsavatçılarını Arif Hacılıya qarşı qaldırıb. Bu baxımdan Vurğun Əyyub barədə xaricetmə cəzasının çıxarılması daha təhlükəli ola bilər. Görünən odur ki, İsa Qəmbərin seçimi yanlış olub, onun önərdiyi başqan Arif Hacılı partiyanı uçuruma aparır. Müsavatı uçurumdan saxlamağın yolu görünmür. Mənəvi parçalanmanın təşkilati parçalanmaya çevrilməsi an məsələsidir.
Zaur Sultanbud