Qərbi azərbaycanlıların deportasiyasından bəhs edən kitab çap edilib

Bu gün Beynəlxalq Diaspor Mərkəzi (BDM), Dünya Azərbaycanlıları Konqresi  (DAK) və  Beynəlxalq Əsilsiz Erməni İddiiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER, Türkiyə) birgə təşkilatçılığı ilə qərbi azərbaycanlıların sonuncu deportasiyasının 26-cı ildönümü münasibətilə "Qərbi Azərbaycan: etnik təmizləmənin sonu" adlı tədbir keçirilib. Tədbir iştirakçıları tərəfindən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Konfransı  giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev qərbi azərbaycanlıların sonuncu deportasiyası haqqında iştirakçılara məlumat verərək, bu istiqamətdə BDM-in həyata keçirdiyi layihələr haqqında danışıb.   Daha sonra DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı tarixi ata-baba yurdumuz  olan Qərbi Azərbaycan torpaqlarından ermənilərin həyata keçirdiyi soyqırım cinayətləri haqqında çıxış edib. O, tarixi faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan diasporunun bundan sonra daha da aktiv fəaliyyət göstərməli olduğunu qeyd edib. Bakıda qonaq olan Türkiyənin ASİM-DER başqanı Göksəl Gülbəy öz çıxışında Türkiyədə mövcud olan Azərbaycan diasporunun erməni təxribatlarına qarşı fəaliyyətində yetərsiz olduğunu bildirib. O, hal-hazırda Türkiyədə xüsusilə İstanbul şəhərində erməni diasporunun da aktiv fəaliyyət göstərdiyini vurğulayıb. Tədbirdə Bakı Dövlət Universitetinin prorektoru Sani Hacıyev, Azərbaycan Pedoqoji Universitetinin prorektoru, professor Vilayət Əliyev, professor Ənvər Əhməd, tanınmış hüquqşünas Əli Eyvazov, Milli QHT Forumunun idarə heyətinin üzvü İradə Rizazadə, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli, Rusiya Federasiyasının Komi vilayətində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Akif Mikayılov, BDM-in Rusiya təmsilçiliyinin rəhbəri Ələmdar Nəbiyev, BDM -in Bavariya nümayəndəliyinin rəhbəri Akif Məmmədov və başqaları öz çıxışlarında qərbi azərbaycanlıların sonuncu deportasiyası zaman-zaman xalqımıza qarşı ermənilərin həyata keçirdiyi qanlı cinayətlər haqqında danışaraq, bu istiqamətdə erməni diasporu ilə mübarizə aparmaq və dünya ictimaiyyətini əsl həqiqətlərə inandırmaq üçün görüləcək işlər haqqında fikir və təkliflərini bildirdilər. Tədbirdə BDM tərəfindən hazırlanmış "Qərbi Azərbaycan: Unudulması mümkün olmayan tarix" adlı film nümayiş etdirilib. Eyni zamanda BDM və DAK tərəfindən hazırlanmış "Ermənilərin Qafqaza yerləşdirilməsi və qərbi azərbaycanlıların deportasiyası" adlı kitab təqdim olunub. Tədbirdə AMEA-nın aparıcı elmi işçiləri, diaspor və QHT nümayəndələri, tanınmış ziyalılar və KİV nümayəndələri də iştirak edib.  Tədbirin sonunda Qərbi Azərbaycanla bağlı məqalə və araşdırmalarına görə bir neçə şəxs diplomla mükafatlandırılıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00