Hollandiyada Qarabağ sərgisi
26 Noyabr 2014 17:19 SiyasətNiderland Krallığının Lahey şəhərində "Qarabağda üç nəslin bir soyqırımı" mövzusunda sərgi təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, Hollandiya Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi tərəfindən keçirilən sərginin açılışında Türkiyənin dövlət və hökumət rəsmiləri, diplomatlar, Niderlandda fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda həyata keçirdiyi soyqırımı aktları, xalqımıza qarşı törədilən hərbi cinayətlər barədə məlumat verilib. İki gün davam edən sərgidə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ona bitişik ərazilərinin təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən işğalından əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolar və digər əyani vəsaitlər nümayiş etdirilib. Həmçinin, Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən, əsirlikdə olarkən işgəncə və digər məşəqqətləri yaşayan soydaşlarımızın şəxsi əşyaları, geyimlərindən nümunələr də nümayiş olunur. Ziyarətçilərə Azərbaycan həqiqətlərindən bəhs edən kitab və jurnallar paylanılıb.