Azərbaycan səfirliyindən Ukrayna XİN-ə müraciət

Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi Ukraynanın "1 1" televiziya kanalının 23 noyabr 2014-cü il tarixində efirə verdiyi "15 respublika" verilişi ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyinə müraciət edib. "OLAYLAR"-ın səfirliyə istinadən verdiyi xəbərə görə, müraciətdə Ukraynanın "1 1" televiziya kanalı Azərbaycan Respublikasının ictimai-siyasi sisteminə, müstəqillik illərində əldə etdiyi nailiyyətlərə qara yaxmağa çalışan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini və səbəblərini təhrif edən "15 respublika" verilişinin yayımlanmasına toxunulub, Azərbaycan torpaqlarının 20%-ni iyirmi ildən çox işğal altında saxlayan, orada etnik təmizləmə aparıb yüz minlərlə vətəndaşımızı qaçqın və məcburi köçkünə çevirən işğalçı Ermənistan və onun müdafiə etdiyi Dağlıq Qarabağdakı separatçı rejimin mədh edildiyi, Azərbaycan Respublikasının isə qərəzli şəkildə aşağılandığı vurğulanıb.  Müraciətdə səfirlik tərəfindən adı çəkilən televiziya kanalına etiraz məktubunun göndərildiyi, eyni zamanda həmin bədnam verilişi hazırlayıb təqdim edən jurnalistlər Konstantin Andriyuk və Dmitriy Volkovun Azərbaycanda arzuolunmaz şəxslər sayılacağı barədə vurğulanıb.  Səfirlik müraciətində adı çəkilən televiziya kanalına müvafiq təsir göstərilməsini, Azərbaycan Respublikasına və onun vətəndaşlarına münasibətdə təhqir və böhtana yol vermiş jurnalistlərin tənbeh edilməsini xahiş edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00