“NATO Azərbaycanın yanındadır”

Elxan Şahinoğlu: “Avropa Parlamentinin qətnamələrində də Rusiyanın münaqişənin həllinin uzadılmasında aktiv rol oynamasına işarə edilir”

NATO Parlament Assambleyasının Niderlandın Haaqa şəhərində keçirilən 60-cı payız sessiyasında prezidentlərin Paris görüşünün ardınca Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlim keçirməsi pislənilib. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Olaylar"-a açıqlamasında NATO-nun Parlament Assambleyasının seminar və sessiyalarında Azərbaycanın ərazi bütövlüyü hər zaman dəstəkləndiyini bildirib. Son müzakirələrdə işğalçının konkret ünvanının da göstərildiyini deyən politoloq hesab edir ki, NATO-dan fərqli olaraq, bir sıra beynəlxalq təşkilatların Dağlıq Qarabağ məsələsində işğalçı tərəfi dəqiq göstərməmələri təəssüf hissi doğurur: "Helikopter məsələsində də Ermənistan nəyə görə, işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlər keçirməsi yönündə ittiham olunmadı. Amma qurumun sammitində bunların hamısı müzakirə edildi və qəbul edilən qətnamə də Azərbaycanın haqlı olduğunu göstərir. Əslində bu yenilik deyil, NATO-nun hər zamankı mövqeyidir. Bəzən Azərbaycanda NATO ilə əməkdaşlığa dırnaqarası baxırlar. Amma son sammit göstərdi ki, bu məsələdə qurum Azərbaycanın yanında yer alıb. Məsələn, Rusiyanın lideri olduğu MDB-nin müzakirələrində buna oxşar qətnamələr qəbul edilə bilərmi? Əlbəttə yox! İndiyədək də Rusiyanın belə bir addım atdığını görməmişik. Lakin bu o demək deyil ki, NATO-nun qətnaməsi münaqişənin həllini sürətləndirəcək. Çünki təşkilat Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmur. Amma istənilən halda NATO-nun davamlı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bizim xeyrimizədir. Beynəlxalq birliyə də haqlı və haqsız tərəfin kim olduğuna dair mesajdır". Elxan Şahinoğlu "NATO-nun qətnaməsini birmənalı qəbul etmək olarmı, yoxsa ki, burada Rusiyaya da müəyyən mesaj var?" sualına: "Bu eyni zamanda Rusiyaya verilən mesajdır. Çünki hamı işğalçı Ermənistanın arxasında Rusiyanın dayandığını bilir. Eyni zamanda indi Rusiya və NATO arasındakı əlaqələr də hamar deyil. Hətta Avropa Parlamentinin qətnamələrində də Rusiyanın Ermənistana təsir edib münaqişənin həllinin uzadılmasında aktiv rol oynamasına işarə edilir. Dolayı yolla NATO-nun da qətnaməsində Rusiyaya mesaj verilir" - deyə cavab verib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00