Şəhərsalmaya nəzarəti kim həyata keçirəcək?
26 Noyabr 2014 15:11 SiyasətAzərbaycan prezidenti İlham Əliyev "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb. Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirilən dövlət şəhərsalma nəzarətinin nəticələri barədə hər ilin yekunlarına görə Prezident Administrasiyasına məlumat verməlidir. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etməlidir və bu barədə Nazirlər Kabinetini məlumatlandırmalıdır. Maraqlıdır, səhərsalma prosesində səlahiyyət bölgüsü necə aparılacaq və ümumiyyətlə olduqca mürəkkəb hesab olunan şəhərsalma qaydalarına nəzarət hansı formada həyata keçiriləcək? Məlumat üçün qeyd edək ki, sənəddə Azərbaycanda respublika və yerli səviyyədə şəhərsalma nəzarətini həyata keçirəcək orqanlar konkret müəyyənləşib. Yəni, şəhərsalma prosesində mərkəzi icra hakimiyyəti ilə paralel olaraq yerli icra hakimiyyəti orqanlarının vəzifə və səlahiyyət bölgüsü aparılıb. Belə ki, ilkin olaraq yerli icra hakimiyyəti orqanları 2013-cü il yanvarın 1-dən sonra qanunsuz tikilən yaşayış evinin tikintisinin dayandırılmasını tövsiyə edəcək. Paralel olaraq tədbir görmək üçün Fövqəladə Hallar Nazirliyinə məlumat verəcək. Ümumilikdə isə Azərbaycanda Dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli səviyyədə isə yerli icra hakimiyyəti orqanları həyata keçirəcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən kameral qaydada nəzarət zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması halları aşkarlanarsa, həmin pozuntuların müəyyənləşdirilməsi və araşdırılması üçün yerli icra hakimiyyəti orqanından əlavə sənədlər tələb ediləcək, yaxud Komitənin əməkdaşları yerli icra hakimiyyəti orqanlarına ezam olunacaqlar. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində həyata keçiriləcək. Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. Yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilmədən yaşayış evinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə etməlidir. Eyni zamanda, Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Komitə səyyar araşdırma zamanı tikintiyə icazə icraatı başa çatmamış tikinti layihələrinin ərazi planlaşdırılması sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmadığı aşkar olunduqda, yerli icra hakimiyyəti orqanlarına həmin tikinti layihələri üzrə tikintiyə icazənin verilməsindən imtina edilməsi barədə əsaslandırılmış göstəriş verəcək. Eyni zamanda şəhərsalma fəaliyyəti ilə bağlı aşkar olunmuş pozuntular barəsində akt tərtib etmək və onların aradan qaldırılması mümkün olduğu hallarda yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin memarlıq bölmələrinə yerinə yetirilmə müddəti göstərilməklə icrası məcburi olan əsaslandırılmış göstəriş verəcək, inzibati məsuliyyətə səbəb olan pozuntular barəsində protokol tərtib edəcək və müvafiq qərar qəbul edəcək. Komitə yol verilmiş pozuntuların aradan qaldırılması üçün verilmiş göstərişləri vaxtında icra etməyən və ya icrasını lazımınca təmin etməyən dövlət orqanları barədə onların yuxarı orqanlarına və aidiyyəti üzrə digər orqanlara məlumat verəcək. Maraqlıdır, bəs bu fərmanın vətəndaşların fərdi ev tikməsi məsələsinə necə təsir göstərəcək? "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin hüquqşünası Fərhad Nəcəfov hesab edir ki, sözügedən fərmanda söhbət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydalarından gedir. Yeni Şəhərsalma və Tikinti Məcəlləsi isə insanların mənzil, sərbəst yaşayış yeri seçmək hüquqlarının səmərəli təminatı baxımıdan daha effektiv mexanizmlər təklif edir. Yeni Məcəlləyə əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəl olduğu kimi rayon (şəhər) icra hakimiyyətlərindən icazə almalı deyil, yalnız bu qurumu özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır: "Lakin qanun bunun üçün bir sıra şərtlər müəyyənləşdirib. İlk öncə həmin fərdi yaşayış evinin hündürlüyü - binanın səkisinin ən aşağı və damının ən hündür nöqtələrinin səviyyələrinin fərqi 12 metrdən, mərtəbələrin sayı isə 3-dən artıq olmamalı və tikəcəyi evin aşırımları (divar və ya sütunlar) arasındakı məsafə maksimum 6 metr olmalıdır. İkinci şərt ondan ibarətdir ki, rayon (şəhər) icra hakimiyyətlərinini tikinti barədə yazılı xəbərdar edərkən məktubun üzərinə memarlıq-planlaşdırma sənədləri əlavə olunmalıdır. Memarlıq-planlaşdırma sənədi dedikdə, tikiləcək evin fasadı və onun mərtəbələrinin quruluşunu əks etdirən plan-çertyoj nəzərdə tutulur. Belə sxem lisenziya əsasında fəaliyyət göstərən memarlara və ya tikinti-layihə institutlarında müəyyən pul müqabilində hazırlatdırıla bilər". Hüquqşünas qeyd edir ki, bundan sonra məktub və plan-sxem rayon (şəhər) icra hakimiyyətinə təqdim olunur. Qanuna əsasən, 3 ay ərzində həmin plan-szemə yerli icra hakimiyyətindən irad tutulmazsa, yəni planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olmazsa, tikintiyə başlanıla bilər. Dövlət başçısının fərmanında isə bütövlükdə şəhərsalma prosesinə nəzarət qaydaları müəyyən edilib.
Alim