İsa Qəmbərin qardaşı “üsyançılara” qoşulur

Müsavatda ciddi itkilər qaçılmazdır

Müsavat Partiyasında gərginlik davam edir. Narazıların mənəvi lideri Vurğun Əyyubun son açıaqlaması göstərdi ki, partiya qərargahında keçirilən sonuncu müşavirə problemləri həll etməyib, əksinə narazılıq get-gedə böyüyür. Narazılara İsa Qəmbərin ailə üzvləri də qatılıb. Qeyd edək ki, İsa Qəmbərin yaxın qohumları belə son qurultayda Qubad İbadoğluna səs veriblər. Sabiq başqanın qardaşı, Almaniyada yaşayan Rövşən Qəmbər də narazıdır. O da qurultayda İbadoğluna səs vermişdi. Qurultaydan öncə verdiyi açıqlamada gəncləşməyə ehtiyac olduğunu, yeni nəfəs yaranması üçün İbadoğlunun başqan seçilməsini vacib bildirmişdi. Rövşən bəy  partiyanın yeni başqanı Arif Hacılının sərt şəkildə tənqid etdikdən sonra öz qardaşına da  irad tutub. R. Qəmbər "facebook" səhifəsində yenidən partiyadaxili problemlərə toxunaraq fikirlərini daha aydın şəkildə izah etmək niyyətinin olduğunu açıqlayıb. "İndiyədək Azərbaycanın problemlərinin həllində qardaşım İsa Yunisoğlunun çox böyük imkanlara malik olduğunu və ölkədə ən çox sevdiyim vətəndaşın onun olmasına inanmışdım.  Lakin mənim çoxsaylı suallarıma yarım saat vaxt ayırıb bu günlərdə cavab verməsə, İsa Qəmbər özündən küssün... Dostlarım yaxşı bilirlər ki, Azərbaycanda ən çox sevdiyim vətəndaş İsa Qəmbər olsa da, Müsavat Partiyasını ondan, Qarabağı Müsavat Partiyasından, Azərbaycanı Qarabağdan, haqq-ədaləti isə Azərbaycandan çox sevirəm. Müsavat Partiyasından 2009-da çıxarılmışamsa, 2011-də Almaniyada yaşayan müsavatçılardan kimlərə Müsavat Partiyasının yüzilliyi münasibətilə fəxri fərmanın verilməsinə aid mənim təklifim əsas sayılmazdı, hətta mənim özüm də fəxri fərmanla təltif olunmazdım". Açıqlamadan belə görünür ki, Rövşən Qəmbəri "arzuolunmaz şəxs" kimi Müsavatdan çıxarıblar. Adını da qoyublar ki, R.Qəmbər 2009-cu ildə partiyadan çıxarılıb. Halbuki 2011-ci ildə ona mükafat veriblər. İndi İsa Qəmbərin qardaşı bundan narazı qalıb. Rövşən Qəmbəri qurultayda çıxışına da imkan verilməyib. Ümumiyyətlə, onu Müsavatda ciddi fiqur yerinə qoymayıblar. Halbuki Rövşən Qəmbər özünü yaratdığı Ana Torpaq Partiyasını Müsavata birləşdirib Almaniyaya getmişdi.   Müsavatda baş verənlər onu deməyə əsas verir ki, İsa Qəmbər-Arif Hacılı cütlüyü partiyanı heç kimə verməyəcəklər. Onlar bu yolda qarşılarına kim çıxsa, əzib keçməyə hazırdırlar. Hətta öz yaxınları belə. Bəs Rövşən Qəmbər Müsavata, İsa Qəmbər-Arif Hacılı cütlüyün hansı pisliyi edə bilər? Rövşən Qəmbər Müsavatdan, siyasi proseslərdən uzaq düşsə də, müəyyən qədər beynəlxalq əlaqələri var. Sabah narazılar alternativ Müsavat məclisi yaratsalar, qurultay keçirsələr, Rövşən Qəmbər onları "əsil Müsavat" kimi tanıyacaq və onların beynəlxalq əlaqələrinə də dəstək verəcək. Qəmbər ailəsindən birinin narazılara dəstək verməsi vəziyyəti kökündən dəyişə bilər. Bu baxımdan Müsavat rəhbərliyi Rövşən Qəmbəri razı salmalıdır. Əks halda ciddi itkilər qaçılmaz olacaq.

Ərhun Abbas
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00