Azərbaycan diasporu Saakyanın Fransa səfəri ilə bağlı müraciət qəbul edib
25 Noyabr 2014 14:07 SiyasətAzərbaycanın Fransadakı diasporu erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilmiş və hazırda Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazilərindəki təcavüzkar-separatçı rejimin rəhbəri Bako Saakyanın Parisə səfəri ilə əlaqədar müraciət qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, bu ölkədə yaşayan azərbaycanlılar adından hazırlanmış müraciət Burq Le Valans şəhərinin meriyasına, Region departamentinin prezidenti Didier Guillauma, Fransa parlamentinə və senatına təqdim olunub. Sənəddə separatçı rejimin rəhbəri Bako Saakyanın səfərinin beynəlxalq hüququn normalarının pozulması olduğu vurğulanaraq, belə halların Fransa ilə Azərbaycan arasında mövcud dostluq, anlaşmaya kölgə sala biləcəyi qeyd olunub. Müraciətdə Fransanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıdığı və dəstəklədiyi xatırladılır və bildirilir ki, Burq Le Valans şəhər merinin işğal və təcavüz əsasında Ermənistan tərəfindən yaradılmış qeyri-leqal və qondarma rejimlə "Dostluq haqqında bəyanat" imzalaması hüquq normalarına ziddir.