“Ərdoğan Azərbaycanla bağlı mövqeyinə sadiq qalacaq”
Elçin Mirzəbəyli: “Ölkənin müəyyən diplomatik korpusları və QHT sektorunda Ermənistanla sərhədlərin açılmasının vacibliyi fikri formalaşıb”
25 Noyabr 2014 13:50 SiyasətBAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli Türkiyə-Ermənistan münasibətlərində yaranmış son aktivləşməni dəyərləndirib. E.Mirzəbəyli tərəflər arasındakı fəallaşmanı qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə əlaqələndirir: "Türkiyə hakimiyyətində belə bir fikir formalaşıb ki, əgər Ermənistana qarşı loyal münasibətlər sərgilənərsə, xalq diplomatiyası ortaya qoyularsa, iqtisadi əlaqələr müəyyən qədər inkişaf edərsə erməni diasporası bir qədər geri çəkilə bilər. Eyni zamanda bu loyal münasibətdən ABŞ kimi dövlətlərlə əlaqələrində istifadə edə biləcəyini düşünür. Hələ 2005-ci ildə Avstriya və İsçevrədə türk diplomatları erməni həmkarları ilə danışıqlar aparmışdılar. Maraqlıdır ki, danışıqlarda iştirak edən iki şəxs ayrı-ayrı dövrlərdə Azərbaycanda səfir vəzifəsində çalışıblar. Onlardan biri sonradan xarici işlər nazirinin müavini olmuş Əhməd Ünal Çelik Öz, digəri isə Abdullah Gülün dövründə Prezidentin İşlər İdarəsinin katibi olmuş Hüseyn Avni Karslı idi. Bir müddət əvvəl Əhməd Ünal Çelik Öz tərəfindən Ermənistanla sərhədlərin açılması istiqamətində səsləndirilən fikirlər təsadüfi deyil. Türkiyənin müəyyən diplomatik korpusları və QHT sektorunda Ermənistanla sərhədlərin açılmasının vacibliyi fikri formalaşıb. Onlar hesab edirlər ki, Ermənistanla əlaqələrin bərpası Türkiyəni təzyiqlərdən qoruya bilər, eyni zamanda qondarma soyqırım məsələsini ikinci plana ata bilər. Lakin bu kökündən yalnışdır, subyektiv yanaşmadır. Düşünürəm ki, belə amillər Türkiyədə dövlət səviyyəsində dəstəklənməyəcək, prezident Rəcəb Tayyib Ərdoğan verdiyi bəyanatlara sadiq qalaacaq. Ermənistanla sərhədlərin açılmasında prinsipial addımlar atılmayacaq. Türkiyənin ortaya qoyduğu bir şərt var: sərhədlərin açılması üçün Azərbaycanın işğal edilmiş əraziləri azad edilməlidir. Əgər rəsmi Ankara bu mövqedən geri çəkilərsə, birinci növbədə Azərbaycan-Türkiyə münasibətlərində narahatlıqların yaranmasından daha çox Türkiyənin özünə ziyan gətirəcək. Öz sözünün üzərində dayanmayan siyasi hakimiyyət təbii ki, ictimaiyyətin də gözündən düşür". ("OLAYLAR" İA)