İsa Qəmbər narazılara qapını göstərdi
Müsavatda müşavirə problemi həll etmədi, narazılar yeni partiya yaradır
24 Noyabr 2014 15:07 SiyasətBazar günü Müsavat qərargahında partiyanın ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə 300-dən yuxarı partiya üzvü iştirak edib. Arif Hacılı və Qubad İbadoğlu tərəfdarları müşavirəni dəhlizdən izləyiblər. Müşavirə Arif Hacılı və onu dəstəkləyən İsa Qəmbər tərəfdarlarının güc nümayişi olmalı və mühüm mesajlar verilməli idi. Toplantıda partiyanın qurultayda seçilmiş rəhbərliyinin narazılara qarşı sərt davranacağı bəlli idi. Çünki bir neçə gün öncə sabiq başqan İsa Qəmbər, onun ardınca isə "Yeni Müsavat" narazıları partiyaya xəyanətdə, separatçılıqda suçlamışdı. Qəzet daha irəli gedərək üstü örtülü şəkildə Vurğun Əyyubu hədəfə almış, onu kimlərinsə sifarişi ilə partiyanı parçalamaqda suçlandırmışdı. Müşavirə gözlənilən kimi də keçirilib. Arif Hacılı, İkram İsrafil və digərləri narazıları yanlış yolda olmaqda suçlandırıb, partiya cəzalarına haqq qazandırıblar. Arif Hacılı arxasında İsa Qəmbərin dayandığını, sona qədər hazırkı kursu aparacağını deyib. Müsavatın sabiq başqanı İsa Qəmbərin də mövqeyi qəti olub: hazırki kurs davam edəcək, növbədənkənar qurultay mümkün olmayacaq. İsa Qəmbərin daha bir mesajı diqqəti çəkir. O, yeni qurultay tələbinin partiyanın əleyhinə yönəldiyini vurğulayıb və qeyd edib ki, belə olduğu halda narazıların fəaliyyətləri gec, ya tez, Nizamnamə ilə ziddiyyət təşkil edəcək: "Hər kəs nə istədiyini ayrı şəkildə müəyyənləşdirsin. Yeni qurultay ideyası partiyaya qarşı yönəlmiş ideyadır. İmza toplamaqdan danışılır. Cəhd edə bilərsiniz, başlayın görək bacarcaqsınızmı? Partiyanı hədələmək xəyanətdir! Bunun başqa adı yoxdur! Mən Arif Hacılı ilə bir yerdəyəm. Kim bu yolda olmaq istəyirsə, gəlsin, mübarizəmizi davam etdirək. Kimsə özünə başqa lider axtarırsa, buyursun, öz yolunu getsin". Başqanın bu mövqeyi əslində narazılara qapını göstərməkdir. Yəni, kim yeni başqanı qəbul edəcəksə, qalacaq, qəbul etməyənlər, narazı aqçıqlama verənlər partiyadan çıxarılacaq. Müşavirədə səslənən mesajlar İsa Qəmbər və Arif Hacılı ittifaqının narazılara son xəbərdarlığı sayıla bilər. Aydın görünür ki, narazılar bundan sonra partiyada rəhbərlik əleyhinə fəalliyyət göstərə bilməyəcəklər. Qurultay keçirilməsi ilə bağlı imzatoplama bir yana qalsın, mətbuatda açıqlama verənlər belə sərt cəzalandırılacaq. Son müşavirədən sonra qərargahın qapıları da narazıların üzünə bağlanacaq. Onlar bir daha qərargahda toplana bilməyəcəklər. Narazıların toplantısına qoşularsa Qubad İbadoğlu, Vurğun Əyyub, MNTK-qın sabiq üzvü Əlövsət Talışxanov da partiyadan çıxarılacaq. Bu halda narazılar tək yolu qalır:YENİ PARTİYA YARATMAQ! Maraqlıdır ki, Ə.Talışxanov bu variantı istisna etməyib. Mətbuata açıqlamasında Ə.Talışxanov yeni partiyanın yaradılması məsələsini təsdiqləyib: "Partiya yaratmaq fikrimiz aktuallaşarsa, onu yaxın günlərdə elan edəcəyik". O, Qubad İbadoğlunun da yeni partiya quruculuğu prosesinə qoşulacağını da istisna etməyib: "Müsavatdakı indiki durum orda fəaliyyət göstərməyi mümkünsüz edib. Qubad İbadoğlu iqtisadçı və gənc alimdir. Gənc və yaşlı nəsil arasında bir körpüdür. Mən ona inanıram. Başqa cür mümkün deyil". Sabiq MNTK üzvünün əminliyi onu deməyə əsas verir ki, yaxın günlərdə narazı müsavatçılar yeni partiya quruculuğuna start verəcəklər.
Ərhun Abbas