“Futbol diplomatiyası”nı “Möhürlü Qapı” əvəz edib

Qeyri-rəsmi diplomatiyalar Türkiyənin rəsmi siyasətini dəyişə bilərmi?

Türkiyə-Ermənistan sərhədlərinin açıla biləcəyi ilə bağlı məlumat yenidən gündəmi zəbt etməkdədir. Bu dəfə məsələ Hrant Dink Vaqfının təşkilatçılığı ilə Ankara Universitetində başlayan və 2 gün davam edən "Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi" mövzusunda keçirilən beynəlxalq konfransnda müzakirə predmeti olub. Türkiyə mətbuatının yaydığı məlumata görə, konfransa Türkiyə, Ermənistan, ABŞ və Fransanın müxtəlif universitetlərindən nümayəndələr qatılıb. Çıxışçılar əsasən heç bir şərt olmadan iki ölkə sərhədlərinin açılmasının tərəfdarı qismində mütəmadi olaraq mövqe ortaya qoyan şəxslər olub. Konfransla bağlı Hrant Dink Vəqfinin saytında yerləşdirilən məlumatda da qeyd olunur ki, sərhəd qapılarının möhürlənməsi tək hər iki tərəfdəki insanların həyatını deyil, çoxlu sayda erməni əhalinin yaşadığı müharibə vəziyyətindəki Suriya da daxil, bütün bölgəyə təsir göstərir. Eyni zamanda qeyd olunub ki, sərhədlərin bağlı olmasına səbəb Dağlıq Qarabağ münaqişəsidir. İddia edilib ki, sərhədlərin bağlı olması münaqişənin həllinə müsbət təsir göstərmir, münaqişənin həllini daha da mürəkkəbləşdirir. Xatırladaq ki, bir müddət öncə belə bir məlumat yayılmışdı ki, artıq Alican sərhəd qapısına kimi olan 7 km-lik yol asfaltlanaraq hazır vəziyyətə gətirilib. Buraxılış məntəqəsində gömrük cihazları, X Rayler sisteminin qurulması da tamamlanır. Ancaq rəsmi açılış tarixi hələ dəqiqiləşdirilməyib. Onu da qeyd edə ki, Türkiyə-Ermənistan sərhədləri Dağlıq Qarabağ münaqişəsi başlayandan, daha dəqiq Azərbaycan torpaqları işğal ediləndən sonra bağlanıb. Türkiyənin rəsmi şəxsləri dəfələrlə sərhəd qapısının Azərbaycanın işğal altında olan torpaqları azad edilməyənə kimi açıqlmayacağı barədə bəyanatlar səsləndiriblər. Təəssüf ki, qardaş ölkənin məsələyə münasibəti bəyənatdan o tərəfə keçməyib. Türkiyə rəsmləri tərəfindən məsələyə ciddi münasibət, bu istiqamətdə aparılan kampaniyaya müdaxilə edilmədiyindən proses ermənilərin istəyinə uyğun davam etməkdədir. Hətta bəzi hallarda Türkiyə təmsilçiləri bu oyunun "oyunçularına" çevrilmiş olurlar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hələ baş nazir postunu tutduğu zaman reallaşdırdığı "futbol diplomatiyası" sərhədlərin aşılması ilə bağlı müzakirələrin genişlənməsinə stimul yaratmışdı. İndi isə eyni komandada təmsil olunan yeni baş nazir Əhməd Davudoğlunun öz müşaviri vəzifəsinə erməni əsilli jurnalist Etyen Maxçupyanı təyin etməsi sərhədlərin açıması ilə bağlı kampaniyanı davam etdirmək üçün siyasi zəmin yaradır. Yəni, erməni əsilli jurnalist Hrant Dinkin başladığı işi indi sələfi Etyen Maxçupyanın davam etdirməsi üçün yaşıl işıq yanmış olur. Baxmayaraq ki, ortada sərhədlərin birdəfəlik açılmasına zəmin yaradan siyasi məkr yoxdur, amma məsələ ilə bağlı yayılan məlumatlar Azərbaycanda və Türkiyə ictimaiyyəti tərəfindən narahatçılıqla qarşılanır. Çünki, anlaşılır ki, sərhədlərin müvəqqəti də olsa açılması baş verərsə, bunun Azərbaycanın və eləcə də Türkiyənin milli maraqlarına zidd presedentlərə səbəb olacağı qaçılmazdır. Çünki bu gün sərhədlər NATO təlimləri çərçivəsində açılarsa, sabah erməni diasporunun təsiri altında olan başqa bir beynəlxalq təşkilatın Türkiyəyə Ermənistanla sərhədləri açmağı da nəzərdə tutulan yeni bir layihənin təqdim edəcəyi gözlənilə bilər. Nəzərə almaq lazımdır ki, ortada Türkiyə-Ermənistan sərhədlərinin açıması ilə bağlı İsveçrdə imzalanmış protokol var. Millət vəkili Zahid Oruc bildirib ki, sərhədlər Türkiyə məsələsində Ermənistanın tarix boyu tutduğu bədnam mövqedən əlavə olaraq, Azərbaycan ərazilərinin işğalı faktı nəzərə alınaraq bağlanıb: "Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəyən qüvvələr nəyi bizə təlqin etmək istəyirlər? Düşünürlər ki, bir tərəfdən, Qərb Rusiya ilə bütün münasibətləri dayandırsın, o biri tərəfdən Ermənistan işğalçı olduğu halda, bütün beynəlxalq əlaqələrə, mükafatlandırmalara sahib olsun. Halbuki Türkiyə sərhədlərini Ermənistanın üzünə açsa, onda nəinki ermənilərin Qarabağda möhkəmlənməyi daha da kəskin bir şəkil alacaq, o cümlədən bu, onların yeni bir güc almalarına və nəticə etibarilə Azərbaycana gələcəkdə daha ciddi zərbə vurmalarına təsir göstərəcək. Ona görə də biz bu konfranslara kəskin etirazımızı bildirərkən məramımızı açıq ortaya qoyuruq". Z.Oruc deyib ki, Ermənistanın sərhədlərinin nəinki Türkiyə ilə, eləcə də Azərbaycanla da açılmasının şərtləri dəfələrlə səsləndirilib: "Yetər ki, Ermənistan işğalı dayandırsın, ərazilərdən öz silahlı qüvvələrini çıxarsın, normal bir diplomatik tanınma mövqeyini ortaya qoysun, bu halda Azərbaycan və Türkiyə, o cümlədən bütövlükdə bölgədə Ermənistan ayrı bir müansibətə layiq görülə bilər". Cümhuriyyət Xalq Partiyasının Adana millət vəkili, Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türkiyə Xarici İşlər Nazirliyinin İcra Aparatının keçmiş rəhbəri Faruk Loğoğlu bildirib ki, bu cür konfransların Türkiyənin rəsmi xarici siyasətinə heç bir təsiri yoxdur, olmamalıdır və ola bilməz: "İşğal faktı aradan qaldırılmayıb. İndi sərhədlərin açılması barədə hər hansı söhbətin getməsi Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaqdır. Türkiyə Ermənistana dəfələrlə xəbərdarlıq edib ki, beynəlxalq hüquq normalarına əsasən Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz geri çəkilsin. Amma Ermənistan bu xəbərdarlıqlara və torpaqların işğaldan azad edilməsi barədə beynəlxalq təşkilatların qəbul etdiyi qərarların heç birinə əməl etməyib. Ona görə də Türkiyənin belə konfranslar nəticəsində möhürlü qapıları açmaq barədə düşünməsi Ermənistanı işğalçı siyasətini genişləndirilməsi istiqamətində cəsarətləndirə bilər. Digər tərəfdən, işğal edilmiş torpaqlar qardaş Azərbaycanın torpaqlarıdır. "Möhürlü qapılar" adı altında konfranslar nəticəsində Türkiyənin rəsmi siyasətinə dəyişikliklər edilməsi qardaş Azərbaycanla Türkiyə arasında münasibətlərin kəskinləşməsinə və pisləşməsinə səbəb ola bilər. Bu da qəbuledilməz durumdur".

Maraqlı məqam ondan ibarətdir ki, Türkiyə rəsmləri məsələyə münasibət bildirməyərək seyrçi mövqe nümayiş etdirilər. Siyasi analitiklərin qənaətincə, Türkiyə sərhədlərin açılması ilə NATO bayrağı altında Ermənistana hərbi qüvvə yeitmək arzusundadır. Bu istəyin Türkiyənin dövlət maraqlarına nə dərəcədə cavab verəcəyini cavablandırmaq çətin olsa da bir məslə aydındır ki, ortada iki qardaş ölkənin siyasi anlaşması və Türkiyə rəsmilərinin Azərbaycan və Türkiyə ictimaiyyəti qarşısında verdiyi vədlər var. Bu vədlətin üstündən qırmızı xəttin çəkilməsi illərlə formalaşmış münasibətlərin soyumasına zəmin yarada bilər.

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00