Amerikanın yeni səfirinin Azərbaycana gəlişi niyə gecikir?
“Metyu Brayzanın səfir təyinatına ABŞ-dakı erməni lobbisi təsir etmişdi və o Azərbaycanda cəmi bir il işləyə bildi”
24 Noyabr 2014 12:37 Siyasət"ABŞ prezidenti Barak Obamanın Azərbaycana təyin etdiyi səfir Robert Frensis Cekutanın Bakıya gəlişi hələ bir qədər vaxt aparacaq". "Atlas" Araşdırmalar Mərkəzinin məsələ ilə əlaqədar hazırladığı analitik materialda belə deyilir. Hesabatda bildirilir ki, səfirin Bakıda olmaması Azərbaycan-ABŞ münasibətlərindəki sualların sayının azalmasına xidmət etmir. Qeyd edilib ki, Metyu Brayzanın səfir təyinatına ABŞ-dakı erməni lobbisi təsir etmişdi və o Azərbaycanda cəmi bir il işləyə bildi: "Brayzanın ardınca Bakıya gələn Riçard Morninqstar da səfir vəzifəsində uğur qazana bilmədi, iki ölkə arasındakı münasibətlər istiləşmədi. Halbuki, Morninqstar Azərbaycana təyinatından əvvəl rəsmi Bakı ilə çox yaxın təmasda olub. Azərbaycan prezidenti İlham Əliyev də Riçard Morninqstarla əməkdaşlıq sayəsində Vaşinqtonla dialoqun genişlənəcəyinə ümidli idi. Ancaq alınmadı". Hesabatda vurğulanıb ki, Bakıya yeni gələcək səfir Robert Frensis Cekutanın işi daha ağırdır. "Çünki, o bir tərəfdən iki ölkə arasındakı münasibətləri durğunluqdan çıxarmalı, digər tərəfdən bunu həyata keçirmək üçün yeni ideyalar irəli sürməlidir. Robert Frensis Cekuta Bakı-Moskva dialoqunun genişləndiyini də nəzərə almalıdır. Amerikalı diplomat Azərbaycanın xarici siyasətində balansın Rusiyanın xeyrinə pozulmaması üçün Vaşinqton tərəfdən rəsmi Bakının marağına səbəb olacaq addımlar atmalıdır" - deyə qeyd edilib.