Novruz Məmmədovdan həmsədrlərə xatırlatma
“Onlar turist deyillər”
21 Noyabr 2014 13:35 Siyasət"Minsk qrupunun həmsədrləri sanki özləri gərginlik yaratmaqda maraqlıdırlar. Yoxsa onlar bilmirdilər ki, Ermənistan Azərbaycan ərazilərində hərbi təlimlər keçirməyi qərara alıb?" "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Newtimes.az-a Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatına münasibət bildirəkən səsləndirib. Onun sözlərinə görə, onlar beynəlxalq hüququ arxivə ataraq Ermənistanın mövqeyindən çıxış edirlər: "Özü də bu, birinci dəfə deyil. Necə yəni helikopter ''neytral ərazidə'' düşüb? Təəssüf ki, həmsədrlər bunları bilə-bilə edirlər. Amma onu da bilməlidirlər ki, beynəlxalq aləmdə bu gün hökm sürən gərginlik belə məsuliyyətsiz bəyanatların nəticəsində yaranıb. Digər bir məsələ də çox maraqlıdır. Guya həmsədrlər bilmirlər ki, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini tam minalayıb. Nə üçün bununla bağlı ağızlarına su alıb susurlar? İndi isə onlar özləri qazdıqları quyuya düşüblər". Novruz Məmmədov deyib ki, həmsədrlər tez-tez öhdəliklərdən danışırlar və bu mövzuda ictimaiyyətə fikir bildirirlər: "Bəs onların özlərinin öhdəliyi yoxdur? Yoxsa düşünürlər ki, ''siz özünüz razılığa gəlin'' deməklə öz öhdəliklərini yerinə yetirmiş hesab edirlər. Bu məsələ hamıya aydındır: münaqişənin sülh yolu, danışıqlar vasitəsilə beynəlxalq hüququn normalarına uyğun, ədalətli həlli üçün beynəlxalq birlik və tarix qarşısında məsuliyyət də, öhdəlik də həmsədrlərin üzərindədir. Onlar turist deyillər".