İlham Əliyev və Mehriban Əliyeva açılış mərasimində
21 Noyabr 2014 13:08 SiyasətNoyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb. AzərTAc-ın verdiyi məlumata görə, iki gün davam edəcək tədbirin rəsmi açılışında prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin, beynəlxalq idman qurumlarının rəhbərlərinin iştirak etdikləri Assambleyada "Olimpiya Oyunları", "Marketinq və rabitə", "İdman hamı üçün", "Olimpiya mədəniyyəti və irsi", "Tibb və antidopinq", "İdmanda gender bərabərliyi" və digər mövzularda hesabat məruzələri, o cümlədən ilk Avropa Oyunları barədə məlumat və "Bakı-2015" Əməliyyat Komitəsinin hesabatı da dinləniləcək. 2016-cı il Yay Olimpiya, XXIII Qış Olimpiya oyunlarına və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıblar. Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında çıxış edən İlham Əliyev tədbirdə iştirak edən qonaqları salamlayıb. Qədim tarixi və gözəl mədəniyyəti olan ölkəmizlə tanışlıq üçün bu tədbirin əla fürsət olduğunu deyib. Bildirib ki, 23 il öncə öz müstəqilliyini bərpa edən Azərbaycan Avropa Olimpiya Komitəsinin üzvü kimi Avropa təsisatlarında fəallığı ilə seçilir. İlham Əliyev bildirib ki, son on ildə sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, yoxsulluq və işsizlik kəskin şəkildə azaldılıb, yeni iş yerləri açılıb və uğurlu iqtisadi islahatlar beynəlxalq maliyyə təşkilatları tərəfindən də qeyd olunub. "Ölkəmizin enerji təhlükəsizliyi sahəsində oynadığı rol Avropa təsisatları ilə əməkdaşlıqda mühüm əhəmiyyətə malik olacaq", - deyən Prezident İlham Əliyev Avropa ilə Asiya arasında körpü olan Azərbaycanın dünyada çoxmədəniyyətliliyin mühüm mərkəzlərindən biri kimi tanındığını da diqqətə çatdırıb. Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafından da danışan İlham Əliyev bu sahədə əsas prinsiplərin təşviq olunmasına böyük maraq göstərilən ölkəmizdə son illərdə nəhəng idman infrastrukturunun yaradıldığını diqqətə çatdırıb. Qeyd etdi ki, Azərbaycan atletlərinin beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında qazandığı uğurlar müstəqil ölkəmizin dünyada daha yaxşı tanıdılmasına imkan verir. Dövlətimizin başçısı 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yüksək səviyyədə baş tutacağına əminliyini bildirib. 2016-cı ildə Bakıda Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini deyən Prezident İlham Əliyev bunun da ölkəmizin böyük potensialından qaynaqlandığını söyləyib. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanda idmana və təhsilə qoyulan sərmayələrin uğurlu nəticələrin əldə olunmasına təkan verdiyini söyləyib. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu Assambleyanın Bakıda yüksək səviyyədə təşkil edildiyinə görə İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıq edib. Sonra Patrik Hikki Avropa Olimpiya Komitəsinin xatirə hədiyyələrini Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim edib. Daha sonra Patrik Hikki idman karyerası ərzində bir çox uğurlara nail olan, dünyada idmanın inkişafında mühüm xidmətlər göstərən, Olimpiya ideallarına sadiqliyi ilə seçilən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa Avropa Olimpiya Komitəsinin "Şöhrət" medalını təqdim edib.