Hökumət üzvləri deputatların suallarını cavablandırdılar

Milli Məclisin noyabrın 20-də keçirilən iclasında gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi davam edib. İclasda hökumət üzvləri millət vəkillərinin qaldırdıqları məsələlərə münasibət bildiriblər. Maliyyə naziri Samir Şərifov qeyd edib ki, ölkəmizin müdafiə qüdrətinin artırılması ilə bağlı büdcədən vəsait nəzərdə tutulub. Cari illə müayisədə artım var. Bundan başqa təhsil və səhiyyə sahələrində ayrılan vəsaitin həcmində də artım nəzərdə tutulur. Aqrar sektora isə xüsusi diqqət edilir, dəstək verilir. Bu sahibkarlara dəstək vasitəsilə həyata keçirilir, müxtəlif mexanizmlər mövcuddur: "Bunun üçün müəyyən maliyyə mexanizmləri mövcuddur. Aqrar təhlükəsizlik məsələlərinin daha da təkmilləşdirilməsi üçün gələn ilin dövlət büdcəsində əlavə 55 mln. manatın ayrılması nəzərdə tutulub". Nazir elmə az vəsaitin ayrılması haqda səslənən fikirlərə də münasibət bildirib: "Növbəti ilin büdcəsində elm xərcləri üçün 143 milyon nəzərdə tutulub. 2014-ci illə müqayisədə bu 4 milyon manat çoxdur. Biz bu məsələyə yenidən baxarıq, hansı vasitələrlər elmə ayrılan vəsaitin ayrılmasını nəzərdən keçirərik". Bank kredit faizləri ilə bağlı qaldırılan məsələyə aydınlıq gətirən Mərkəzi Bankın sədri Elman Rüstəmov diqqətə çatdırdı ki, ipoteka kreditləri ilə bağlı hökumətlə Mərkəzi Bank arasında dialoq var və əlavə tədbirlər görüləcək. Onun sözlərinə görə, gələn ildən istehlak kreditlərində faiz dərəcələrinin aşağı salınacağı gözlənir. Belə ki, 2015-ci ildə bi ustiqamətdə ciddi addımlar atılacaq: "Hesab edirəm ki, bizim kifayət qədər valyuta ehtiyatımız mövcuddur. Mərkəzi Bank manatın məzənnəsinin sabit saxlanması üçün bütün lazımi addımlar atır. Bizim büdcə əlbəttə gərgin büdcədir, amma həm də real büdcədir. Bizim təcrübəmiz mövcuddur. İrəli sürülən bütün təkliflər hökumət tərəfindən öyrəniləcək və onların həlli yolları barədə büdcədə nəzərə alınması imkanları təhlil ediləcək". Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, orta məktəblərdə müəllimlərin maksimal dərs yükü 36 dərs saatına bərabər ola bilər. Bu da onların öz istəyi ilə müəyyən edilir. Onların əməkhaqlarına gəldikdə, bu göstərici 12 saat üçün minimal 155, maksimum isə 207 manata bərabərdir. Nazir əlavə edib ki, müəllimlərin əmək haqqının artırılması məsələsi gündəmdədir. Belə ki, müəllimlər əvvəlcə sınaq qiymətləndirilməsindən keçəcək, sonra onların təkmilləşdirilməsi işi sarsılacaq, daha sonra attestasiyadan keçəcəklər. Bu proseslərin nəticəsindən asılı olaraq müəllimlərin əmək haqqının artırılması məsələsi reallaşacaq. Nazir həmçinin, rayon və kənd məktəblərində vakant yerlərlə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, respublikanın kənd və rayonlarında vakant yerlərin sayı say 3 faizdən 1 faizə enib: "Bu da onu göstərir ki, gənc müəllimlərin ucqar ərazilərimizdə işləməsinə həvəsləndirilməsi üçün hökumətin apardığı işlər öz müsbət təsirini verir". Nazir əlavə edib ki, hazırda Azərbaycanda 151 min müəllim fəaliyyət göstərir.

Milli Məclisin sədri Oqtay Əsədov deputatları büdcədən maliyyə vəsaitlərinin artırılması ilə bağlı təkliflərində diqqətli olmağa çağırıb: "Mən indiyəcən dünyanın heç yerində rast gəlməmişəm ki, büdcə məsələləri ilə bağlı hamı razı qalsın. Büdcədə istər-istəməz hansısa çatışmayan məsələlər ola bilər. Ancaq bilmək lazımdır ki, büdcə heç də bir-iki aya hazırlanmır. Bu sənəd Maliyyə Nazirliyi başda olmaqla bütün dövlət strukturları ilə birlikdə işlənilib hazırlanır. Hər kəs də çalışır ki, öz mövqeyini müdafiə etsin. Sonra hazırlanmış sənəd Maliyyə Nazirliyinə təqdim olunur. Həmin sənəd üzərində işlənildikdən sonra prezidentə göndərilir. Sonda razılaşdırılımış və balanslaşdırılımış büdcə layihəsi parlamentə daxil olur".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00