İsa gələcək (mi)?
20 Noyabr 2014 14:46 Siyasət2003-cü ildə müsavatçıların sevimli bir iqtibası vardı:İsa gələcək, zülm bitəcək! Yazıq müsavatçılar həqiqətən inanırdılar ki, İsa Qəmbər gələcək, bunlara vəzifə verəcək. 2003-cü ilin oktyabr günlərində indiki Müsavat başqanı, o zamankı İsa Qəmbərin Seçki Qərargahının rəhbəri Arif Hacılı özünü artıq Av Evdəki kimi hiss edirdi. Bir dəfə bəy Əhmədli müsavatçısı, ağsaqqal, mərhum Hüseynbala kişiyə təxminən beləcə deyibmiş: "Bir həftə sonra prezident olacaq şəxsin qəbul otağında olduğunu unutma, növbə gözlə!". Amma hər şey tərsinə oldu. İsa Qəmbər gəlmədi. Nəinki hakimiyyətə, heç elan olunan yerə-sonradan Hikmət Hacızadənin ironiyalı qəzəblə "Zurnaçılıq muzeyi" adlandırdığı Xalçaçılıq muzeyinin qarşısına gəlmədi, "Azadlıq" meydanının adını belə tutmadı. Nə isə, sonra nə oldu, bilirsiniz, yazmağa nə hacət? Həbsə düşən müsavatçılar orada düşünmək imkanı tapdılar və anladılar ki, İsa heç yerə gəlib eləməyəcək, gələn də deyil. Amma yaddaşlarda bu cümlə qaldı: "İsa gələcək, zülm bitəcək". Bu deyim üstündən 12 il keçəndən sonra yenidən aktuallaşıb. Hamı düşünür ki, İsa gələcək, Müsavatdakı zülm bitəcək. Çünki 22 ilin müsavatçılarını incidirlər. Yeni seçilmiş başqan Arif Hacılı onu qəbul etməyən kim varsa, hədəfə götürüb. Artıq ona yaxın Müsavat fəalı partiyanı tərk edib. Repressiyalar davam edir. Başqanın dilmacı və qardaşı Mustafa Hacıbəylinin müsahibəsindən belə çıxır ki, cəza tədbirləri davam edəcək: "Müsavat Partiyasında müəyyən adamların narazılıqları olsa da bu, qətiyyən parçalanma səviyyəsində deyil. Biz çalışacağıq ki, narazılıqları mümkün qədər az itki ilə aradan qaldıraq, eyni zamanda Müsavatı daha da gücləndirək". "Az itki ilə çıxaq" o deməkdir ki, Qubad İbadoğlu, Vurğun Əyyub və bir neçə fəalı partiyadan uzaqlaşdırıb, məsələni yoluna qoyacağıq. Ancaq Hacılı qardaşları bir az arxayınlaşıblar elə bil. Məsələ onlar düşündüyü kimi deyil. Parçalanma günü-gündən dərinləşir. Hətta iş o yerə çatıb ki, bir gün İsa Qəmbər "İsa gələcək, zülm bitəcək" məntiqi ilə yenidən qurultay çağırıb başqanlığa qayıtmağa cəhd etsə belə, narazıları sakitləşdirmək mümkün olmayacaq. İş o həddə çatıb ki, İsa gəlsə də, "zülm bitməyəcək". Çünki əski başqan artıq ortaya mövqe qoyub, tərəf tutub. Hətta bir az da irəli gedərək Arif Hacılını "təmiz müxalifətçi", Vurğun Əyyubla Qubad İbadoğlunu isə "hakimiyyətə meylli" adlandırıb. Vurğun Əyyubun köhnə başqanına sərt cavabı onu göstərir ki, vəziyyət həqiqətən də ciddidir, narazı müsavatçılar Arif Hacılıya deyil elə birbaşa İsa Qəmbərə qarşıdırlar. Belə çıxır ki, Arif Hacılı əslində qurbandır. Qurultay olmasa belə, Arif Hacılı başqan olmasa belə narazılar İsa Qəmbərə, onun timsalında köhnə üsul-idarəyə qarşı çıxacaqmışlar. İsa Qəmbər artıq onların lideri deyilmiş. Buradan da Müsavatda baş verənlərin təbii böhran olduğu üzə çıxır. Deməli, adamlar İsa Qəmbərin "yeni başqan təyin edib, partiyanı onun adı ilə idarə edib" fəndini anlayıblar. İsa Qəmbərin Müsavata ən böyük xidməti o olardı ki, ümumiyyətlə, seçki prosesinə qarışmayaydı, başqanlıqdan istefa verib, qurultaya belə gəlməyəydi. Onun qeyri-səmimi mövqeyi sonucda belə bir böhrana gətirib çıxardı.
Zaur Sultanbud