Həmsədrlərin neytral zonası, yaxud vasitəçilərin qeyri-neytrallığı

ATƏT-in Minsk qrupu noyabrın 12-də erməni helikopterinin Azərbaycanın hava məkanını pozması və Silahlı Qüvvələrimiz tərəfindən vurulması hadisəsinə münasibət bildirib. Məlum hadisə ilə bağlı həmsədrlərin yaydığı bəyanatda qeyd edilir ki, vasitəçilər tərəfləri helikopter vurulan ərazidə və ətrafında atəşi dayandırmağa, həmin ərazilərin minalardan təmizlənməsi prosesini asanlaşdırmağa çağırır. Həmsədrlər hərbi helikopterin vurulduğu əraziyə giriş imkanı olmadığına görə narahatlıqlarını ifadə ediblər. Bəyanatda o da qeyd edilib ki, helikopterin qalıqları "qoşunların təmas xəttində, neytral minalanmış ərazidədir. Vasitəçilər tərəfləri atəşkəs rejiminə, həmçinin Soçi, Nyuport, Paris şəhərlərində əldə olunmuş razılıqlara riayət etməyə çağırıblar. Göründüyü kimi ATƏT-in Minsk qrupu yenə də ermənipərəst mövqe nümayiş etdirərək işğalçı ölkənin maraqlarından çıxış edib. Ermənipərəst həmsədrlərin helikopter olayı ilə bağlı yaymış olduğu bəyanatda "qoşunların təmas xəttində, neytral minalanmış ərazi" kimi qeyd olunan ərazi əslində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış və hazırda Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan ərazisidir. Məsələyə münasibət bildirən millət vəkili Sahib Alıyev bildirib ki, Minsk qrupuna həmsədrlik edənlərin Ağdam rayonunda vurulan erməni helikopterinin düşdüyü torpaqları "neytral zona" kimi dəyərləndirmələri onların qətiyyən neytral olmadıqlarının növbəti göstəricisidir: "Ermənilərin Xocavənd rayonunda Qarakənd üzərində içərisində bizim yüksək vəzifəli məmurların və jurnalistlərin əyləşdikləri mülki helikopteri vurmalarının 23-cü ildönümü ərəfəsində belə bir açıqlamanın verilməsi hər bir azərbaycanlıda nifrət doğurur. Və biz xatırlayırıq ki, içi qadın və uşaqlarla dolu mülki helikopterimiz Şuşadan qalxarkən vurulanda da hamısının gözü kor idi. Onların Ermənistanda zəlzələdən zərər çəkənlərə yardım üçün gedənlərin əyləşdikləri təyyarəmizin İrəvanda bilərəkdən necə qəzaya uğradılıdğını da "görmədilər". Amma öz torpağımızda mövqelərimizə basqın edən hərbi helikopterin vurulmasına az qala göz yaşı tökür, onun düşdüyü yeri neytral zona adlandırırlar". Millət vəkilinin sözlərinə görə, bu davranış bizi özümüzdən çıxarmağa hesablanıb: "Qətiyyən emosiyaya varmamalıyıq. Açıq-aydın görürük ki, bü münaqişənin həllini tapmamasının səbəbi ermənilərdən daha çox özlərini vasitəçi kimi sırıyanların mövqeyilə bağlıdır. Çünki onlar ədalətsiz, qərəzli və məkrlidirlər. Və biz görürük ki, Azərbaycanın güclənməsi onları qıcıqlandırır. Deməli düz yoldayıq. Nahaq yerə bu çətin dövrdə müdafiə xərclərini daha 809 milyon manat artırmadıq. Bundan sonra da hər vəchlə ölkəmizdə əmin-amanlığın olmasına çalışmalı, heç nəyə baxmadan güclənməliyik. Hər şeyin bir zamanı var, bu gücü tətbiq etmənin də zamanı gəlib çatacaq. Çünki bunsuz iqtisadi artım ola bilməz. Anlamayanlar sadəcə, Ukraynanın əvvəlki və indiki durumunu göz önünə gətirsinlər". Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov isə deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu cür qeyri-obyektiv, ədalətsiz mövqe nümayiş etdirəcəkləri gözlənilən idi: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyət göstərdiyi bu illər ərzində onlardan Azərbaycanın maraqlarına xidmət edən bir cümlə belə eşitmişik. Təbii ki, yox. Onlar sırf işğalçı Ermənistanın mövqeyindən çıxış edir və bizi torpaqlarımızın itirilməsi ilə barışmağa təhrik edirlər. Ancaq son helikopter hadisəsi onların diqqətinə çatdırdı ki, yanılırlar, Azərbaycan 1990-93-cü illərin Azərbaycanı deyil. Silahlı Qüvvələrimiz Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında olan ərazilərimizi azad etməyə qadirdir. Bunu həm Ermənistan tərəfi, həm də neytrallıqdan danışıb, ancaq qeyri-neytral olan həmsədrlər, onların mənsub olduğu ölkələr yaxşı bilirlər". İctimai Birlik sədrinin sözlərinə görə, həmsədrlər utanmasalar Şuşa, Laçın, Kəlbəcər, eləcə də işğal altında olan digər ərazilərimizin qədim erməni torpağı olduğunu da sərsəmləyərlər.

Füzuli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00