Beynəlxalq Konfrans öz işinə başlayıb
20 Noyabr 2014 12:37 SiyasətBu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "QHT əməkdaşlığının nailiyyətləri və gələcək perspektivləri" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxışında ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Qərblə əməkdaşlıqda qazandığı uğurlardan danışıb və münasibətlərin daha da dərinləşməsində QHT-lərin fəal iştirakının vacibliyini vurğulayıb. Novruz Məmmədov ötən əsrin 50-ci ilərinən başlayaraq sürətlə inkişaf etməyə başlayan QHT-lərin artıq beynəlxalq münasibətlərin mühüm iştirakçısına çevrildiyini deyib.
Prezident Administrasiyası rəhbərinin müavini Azərbaycanın postsovet məkanında beynəxalq aləmə inteqrasiyada böyük uğurlar qazanan ölkələr sırasında olduğunu bildirib: "Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə Qərblə mühüm əməkdaşlıq münasibətlərinə malikdir. Bu gün Əfqanıstana daşınan yüklərin 40 faizi Azərbaycan üzərindən həyata keçirilir. Biz həm siyasi, həm iqtisadi, həm mədəni sahədə Qərblə uğurla əməkdaşlıq edən ölkələrdənik". Novruz Məmmədov çıxışında dünyada mövcud olan ikili standartlar məsələsinə də toxunub: "Məsələn, 5 gün əvvəl Azərbaycanın işğal altındakı ərazisində hərbi təlim keçirildi. Xatırladım ki, bir ay əvvəl Rusiya Ukrayna sərhədindən 150 km uzaqda hərbi təlim keçirirdi. Qərbdə bu təlimin məqsədi, kimə təhdid yaratması ilə bağlı həyəcanlı bəyanatlar səsləndi, müzakirələr aparıldı. Bəs niyə Azərbaycanın işğal olunmuş ərazisində aparılan təlimlərlə bağlı belə münasibət ortaya qoyulmadı? Azərbaycan həmin ərazilərdə 1994-cü ildən uçuşlara qadağa qoyub, bunu yada salan yoxdur. Niyə beynəlxalq QHT-lər münasibət ortaya qoymadı?"
Konfrans işini daha sonra "Sülh və regional təhülkəsizlik məsələləri" və "Mədəniyyətlərarası dialoq və insan hüquqları"adlı panellərdə davam etdirib