Türkiyədə Qarabağla bağlı beynəlxalq konfrans keçiriləcək
20 Noyabr 2014 12:30 SiyasətMilli Məclisin deputatı Musa Qasımlı noyabrın 20-dən 22-dək Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaq. Deputatımız "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizliyə, qonşuluq münasibətlərinə təhdid kimi" mövzusunda beynəlxalq konfransda iştirak edəcək. Milli Məclisdən verilən məlumata görə, tədbirin təşkilatçıları SAM - Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və AVİM - Avrasiya İncələmələr Mərkəzidir. Konfransa hər iki qurumun əməkdaşları, həmçinin Türkiyənin tanınmış politoloqları, nüfuzlu mütəxəssislər və ekspertlər qatılacaqlar. Musa Qasımlı beynəlxalq konfransda münaqişənin tarixi kökləri, ermənilərin Azərbaycan ərazilərinə gətirilib yerləşdirilməsi və bölgədə demoqrafik şəraitin dəyişdirilməsi barədə geniş məruzə edəcək.